"İran-Azərbaycan münasibətləri kəskinləşməyə doğru gedir" - Ekspert

 18:11 20.02.2023     825

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində İrandakı səfirliyimizə hücumla bağlı münasibətini bildirib.

Prezident qeyd edib ki, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik.

Bəs, İran tərəfi Azərbaycanın bu tələbini yerinə yetirəcəkmi? Münasibətlər normallaşa bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirdi ki, İran bu tələbləri yerinə yetirəcək ölkə kimi görünmür.

Onun sözlərinə görə, münasibətlər kəskinləşməyə doğru gedir:

"Prezident məcbur qaldı bəyan elədi və beynəlxalq hüquqa Beynəlxalq Məhkəmə vasitəsilə hörmət etməyə çağırır. Amma görünən odur ki, diplomatik cinayətlərə əl atmış İran İslam Respublikası prosesi lokallaşdırmaq istəyir və göstərməyə çalışır ki, bu proses də ailə-məişət zəminində baş verib. Amma ailə-məişət zəmnində baş verən prosesin planlaması, həyata keçirilməsi, bölgədə təhlükəsizliyin təmin olunmasına cavabdeh olan ölkənin heç bir addım atmaması, cinayətkarı müdafiə etməsi, dərhal televiziyaya çıxartması, bütün bunların hamısı İranın bəlli planlarından xəbər verir. İranın ən böyük problemi nədən ibarətdir? Azərbaycana qarşı keçmiş işğal elədiyi dönəm kimi yanaşır, orta əsrlər dövləti kimi baxır, hətta xanlıqlar dövrünü belə silir, Rusiya ilə bağladığı 1828-ci il müqaviləsinin nəticəsi kimi baxır. Və Ermənistanın məğlubiyyəti İranın dövlət sinirlərini və sınırlarını oyatmış oldu. Azərbaycanı təhdid gözündə görürlər və bu gözlə gördüyü Azərbaycana qarşı da təhdid dilində, hərb dilində danışır. Bir maraqlı məqam nədir? Yəni İranda hakimiyyət dəyişikliyi siyasətçilərin hakimiyyətdən getməsi ilə yekunlaşdı. İndi orada hakimiyyətdə hərbçilərdir. Həmin hərbçilər isə yalnız və yalnız çıxış yollarını hərbidə görür, əməliyyatda görür, raketdə görür. Bax, bu ritorika ilə üzbəüz qalmışıq. Hazırda inanmıram ki, tələblər yerinə yetiriləcək. Təəssüf ki, görünən odur ki, hələ münasibətlər radikallaşmağa və kəskinləşməyə doğru gedir".

Həmidə İBRAHİMLİ