"İraq Kürdüstanı ilə əlaqələrdə təəccüblü heç nə yoxdur" - Fazil Mustafa

 17:55 20.02.2023     331

Xəbər verdiyimiz kimi, fevralın 18-də Münxendə Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub.

İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən Neçirvan Bərzani diqqətə çatdırıb ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər.

Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən İlham Əliyev isə bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini deyib.

Prezident Bərzanini Azərbaycana səfərə də dəvət edib.

Bəs, İraq Kürdüstanı ilə üçtərəfli əməkdaşlıq necə qurula bilər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd etdi ki, İraq Kürdüstan Regionu ilə Azərbaycan arasında hansısa bir problem yoxdur.

"İraq Kürdüstanının lideri ilə ölkə başçısının görüşü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub. Orada bu cür işgüzar görüşlər mütəmadi olaraq keçirilir. İraq Kürdüstanı ilə Azərbaycan arasında hansısa bir problem yoxdur. Ona görə ki, birinci növbədə İraq Kürdüstanı, həm də Türkiyə ilə normal münasibətlər saxlayan ölkədir və bu bölgə İraqın tərkibində muxtariyyətini gerçəkləşdirib. Baxmayaraq ki, müstəqil dövlət deyil, amma bir sıra sahələrdə müstəqil siyasət yürüdür və İraq dövlətindən də müəyyən dərəcədə daha sabit bir bölgəyə çevrilib. Burada Azərbaycanın maraqları naminə hər hansı bir problem yoxdur. Çünki biz birinci növbədə həm də onların Türkiyə ilə münasibətlərinə ciddi diqqət yetiririk. Bu münasibətlər də, normal olduğuna görə, ötən həftə İraq Kürdüstanının başçısı Ərdoğanla da görüşmüşdü. Eyni qaydada Azərbaycan Prezidenti də məhz bu kimi amilləri də əsas götürərək bu əlaqələrin qurulması istiqamətində addımlar atır. Yəni biz bölgədə müəyyən dərəcədə reallıq olan qüvvələrlə hər hansı bir şəkildə əməkdaşlıqdan imtina etmirik. Hamısı ilə normal münasibətlər saxlamağa hazırıq. Təki onların başqa niyyətləri olmasın. İndi, məsələn, biz qonşuluq prinsiplərinə ciddi əməl edirik. Əgər İran bir düşmənçilik siyasəti yeritməsəydi, İranla da indiyə qədərki münasibətlərimizdə problem yox idi. Bu baxımdan da, burada təəccüblü heç nə yoxdur. İqtisadi, mədəni əlaqələrin inkişafı baxımından hər halda bu, məqsədəuyğun sayılan bir addımlardır və bunu da genişlətməyimizdə heç bir narahatedici məqamlar olmamalıdır", - deyə deputat qeyd etdi.

Həmidə İbrahimova