Gürcü xalqının Saakaşvilini müdafiə etməməsinin səbəbi: "İvanaşvili camaata pul paylayır"
Xəbər verdiyimiz kimi, ötən həftə Avropa Parlamenti (AP) Gürcüstan hakimiyyətini ölkənin keçmiş prezidenti Mixail Saakaşvilini azad etməyə və onun xaricdə müalicə almasına icazə verməyə çağıran qətnamə qəbul edib.
Mixail Saakaşvili 2021-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərindən bir gün əvvəl Ukraynadan Gürcüstana gizli şəkildə gəlib, bundan sonra həbs edilərək Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. O, daha sonra siyasi məhbus kimi aclıq aksiyasına başlayıb. Keçmiş prezidentin səhhəti pisləşdikdən sonra o, həbsxana xəstəxanasına, daha sonra isə hərbi hospitala köçürülüb. 2021-ci ilin dekabrında Saakaşvili cəzasını Rustavidəki həbsxanada çəkməyə davam edib, lakin 2022-ci ilin mayında o, Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə qədər oradadır.
Mixail Saakaşvilinin bu günə qədər Gürcüstanda həbsdə olması və ona qarşı ölkə hakimiyyətinin rəftarı dünyanın bir çox ölkələrində qınaqla qarşılanır. Hətta buna görə gürcü xalqını da ittiham edirlər.
Bəs, niyə gürcü xalqı ölkəni korrupsiyadan, rüşvətdən təmizləyən, demokratik ölkə yaradan keçmiş prezident Saakaşvilinin azadlığını tələb etmir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa qeyd etdi ki, gürcü cəmiyyətində Saakaşviliyə qarşı rəğbət var.
"Mən açığı düşünmürəm ki, Gürcüstan xalqı Saakaşvilini müdafiə etmədi. Edir. Bildiyim qədər bir neçə dəfə də mühüm tədbirlər, kütləvi etirazlar olub, onun azadlığı tələb olunub. İndi də bu tələb var, sadəcə olaraq ola bilsin ki, ki, kifayət qədər güclü deyil. Yəni kütləvi mitinq formasında deyil. Amma gürcü cəmiyyətində mənim anladığım qədər, informasiyalara görə Saakaşviliyə rəğbət var. Onlar fərqindədirlər ki, demokratik Gürcüstanın qurulmasında Saakaşvilinin önəmli rolu var. Amma anlaşılan odur ki, başqa nüanslar da var. Ola bilsin, cəmiyyətdə bir qədər qorxu da, narahatçılıq da var. Bir qədər loyallıq da var, ola bilsin sosial problemlər orda da o qədər fəaldır ki, insanları siyasi həyatdan sanki bir az məsafədə saxlayır. İqtidar, Bidzina İvanaşvili çox pulludur. Hər seçkidə camaata nə qədər pul paylayır. Müəyyən qədər insanların maddi marağını təmin edir. Yəqin ki, bir hissə də, ona görə bir az məsafədə dayanır. Çünki oliqarxlardan faydalanır. İndiki hakimiyyətlə əməkdaşlıq edir. Amma bütövlükdə mən düşünürəm ki, Gürcüstan cəmiyyəti Saakaşvilinin azad olunmasını istəyir",- deyən politoloqun sözlərinə görə, nəinki Gürcüstan, hətta Azərbaycan cəmiyyəti Saakaşvilinin azad olunmasını istəyir:
"Saakaşvili əslində Qafqaz üçün dəyərli bir adamdır, bəlkə də Qafqazın qürurudur. Qafqazda özünə hörmət edən, dürüst və korrupsiyaya qarşı mübarizə aparan siyasətçilərdən biridir. Bu, önəmlidir. Bunu biz görmüşük. Ukraynada apardığı mübarizəni xatırlayırıq və eyni dəsti xətti orada da demək olar ki, davam etdirdi. Bildiyim qədər Ukrayna cəmiyyəti də onu dəstəkləyir. Yəqin ki, gürcü cəmiyyətinin əhəmiyyətli bir hissəsi onu dəstəkləyir. Sadəcə olaraq bu dəstəyin ifadə formaları ola bilsin fərqlidir. Çox fəal deyil, yəni görsənən, kütləvi formada deyil. Amma düşünürəm ki, gürcü xalqı onu sevir və Gürcüstan hakimiyyəti də gec-tez onu yəqin ki, azad etməlidir. Doğrusu bu olar".
Həmidə İBRAHİMLİ