"Rusiya öz forpostunun əli ilə Cənubi Qafqazdan sıxışdırılır" - Deputat

 17:47 21.02.2023     567

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Moskva Avropa İttifaqının Ermənistandakı mülki missiyasını Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir.

"Avropa İttifaqının və bütövlükdə Qərbin Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə müşahidə etmirik. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas qarantı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir”, - deyə rusiyalı diplomat bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi ki, əslində Rusiyanın prizmasından verilən qiymət doğrudur.

Onun sözlərinə görə, çox təəssüf ki, bəzi Avropa mərkəzləri Cənubi Qafqazda Rusiya Avropa İttifaqı rəqabəti və yaxud qarşıdurması yaratmağa cəhd göstərirlər:

"Avropa İttifaqının Ermənistana göndərdiyi missiyada onun əvvəlcədən planlaşdırıldığı kimi vətəndaş missiyası deyil, artıq hərbiləşmiş monitorinq missiyasına çevrilməsi də bunun çox açıq göstəricisidir. Ona görə də əlbəttə ki, belə bir tendensiya var. Amma mən düşünürəm ki, bu tendensiyanı yaradan ölkə, nəticə etibarilə özü bu proseslərdən zərər çəkən ölkə kimi çıxacaq. Bu da Ermənistandır. Azərbaycan regionu tərəfdaşlıq və sülh bölgəsinə çevirməyə çalışır. Ermənistan isə regionu qarşıdurma və rəqabət ölkəsinə çevirməyə çalışır və bu prosesdə Cənubi Qafqazda ənənəvi olaraq nüfuzu və real idarəetmə mexanizmləri olmayan Avropa İttifaqını prosesə cəlb etməyə çalışır. Amma halbuki Ermənistanı dövlət kimi yaradan və onu beynəlxalq münasibətlərin aktyoruna çevirən Rusiyadır".

Deputanın fikrincə, Mariya Zaxarovanın qiymətləndirilməsindəki bu fikirlər məntiqə və tarixi reallığa əsaslanır.

"Doğrudan da Ermənistan Rusiyanın əsəridir. Amma bu əsər, yəni Ermənistan adlı forpost bu gün elə Rusiyanın Cənubi Qafqazda mövqelərinin sıxışdırılması üçün Qərbin əlində alətə çevrilir. Buna görə də qiymətləndirmə doğrudur və bu tendensiya regiona yaxşı heç nə vəd eləmir. Çünki nəticə etibarilə Cənubi Qafqaz kiçik bir strateji rayondur və burada qarşıdurma, rəqabət hamının ziyanına ola bilər. Mən düşünürəm ki, Ermənistan Rusiya tərəfindən bu cür açıqlamalara yol verməmək üçün dərhal Azərbaycanla sülh bağlamalıdır və regiona kənar iştirakçıların müdaxiləsini minimuma endirməklə bağlı səylər göstərməlidir. Bu, hamının lehinə olar", - deyə H.Babaoğlu vurğuladı.

Həmidə İBRAHİMLİ