"Rusiya doğrudan da təşviş keçirir" - Arzu Nağıyev
"Cənubi Qafqaz regionunda nüfuz savaşı gedir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Avropa İttifaqı (Aİ) missiyasının Ermənistanda fəaliyyətə başlaması ilə bağlı Rusiyanın narahatlığına münasibət bildirərkən dedi.
"Məlum məsələdir ki, nəyin bahasına olur olsun, istər Fransa, istər digər dövlətlər öz missiyaları adı ilə burada vizual kəşfiyyatçıların yerləşdirilməsi, nümayəndələrinin yerləşdirilməsi istiqamətində addımlar atırlar. Burada da əsas hədəf kimi məhz Ermənistanı götürdülər. Çünki Azərbaycana bunlar birmənalı şəkildə bata bilmirlər. Gürcüstanla problemlər yarana bilər, oradan Rusiyanı çıxara bilməyəcəklər. Əsas məram, məqsəd bu gün Ermənistandır. Ona görə də Fransa çalışır ki, ora öz missiyalarını daha çox yerləşdirsin" - deyə deputat bildirdi.
Arzu Nağıyevin fikrincə, elə bir platforma alınıb ki, istər Amerika Birləşmiş Ştatları, istər Qərb, paralel olaraq Rusiya çalışırlar ki, Ermənistan-Azərbaycan münaqişəsini həll etsinlər, yəni bu prosesdə müəyyən nüfuz qazansınlar:
"Zaxarovanın da həyəcanında müəyyən problemlər ondan doğur ki, bəli, Ermənistanda bu gün xaotik bir vəziyyət yaranıb və Qərb ciddi cəhdlə bu və ya digər missiya altında öz emissarlarını ora göndərməkdədir. Hətta Fransa Milli Assambleyasının rəhbəri Ermənistanda keçirdiyi son görüşdə Azərbaycanın guya ki, zəbt etdiyi torpaqların geri qaytarılması istiqamətində addımların atılmasının vacib olduğunu qeyd edir. Yəni Rusiya başa düşür ki, 2025-ci ildə onun sülhməramlı missiyası yerinə yetdikdən sonra sülh müqaviləsi imzalanarsa, onlar birmənalı şəkildə Azərbaycanın ərazisini - Qarabağı tərk etməlidirlər. Və Rusiyanın Ermənistanda yerləşən hərbi bazasını, Türkiyə-Ermənistan sərhədinin əslində NATO ilə Rusiyanın sərhədi olması faktorlarını da nəzərə alanda Rusiya doğrudan da təşviş keçirir və bu istiqamətdə verilən bəyanatlarda da öz narazılıqlarını bildirdilər".
Xatırladaq ki, fevralın 20-dən etibarən Avropa İttifaqı Ermənistanda Azərbaycanla vəziyyətin nizamlanmasına töhfə verməli olan mülki missiyasının işinə başlayıb. Aİ-nin yaydığı bəyanatda vurğulanır ki, missiya regionda sabitliyi təşviq etmək üçün nəzərdə tutulub. “Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində yerləşdirilən missiyanın məqsədləri Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, Aİ-nin dəstəyi ilə münaqişənin təsirinə məruz qalmış ərazilərdə etimad və təhlükəsizliyin möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına şərait yaratmaqdan ibarətdir”, - məlumatda deyilir.
Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Moskva Avropa İttifaqının Ermənistandakı mülki missiyasını Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir.
"Avropa İttifaqının və bütövlükdə Qərbin Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə müşahidə etmirik. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas qarantı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir”, - deyə rusiyalı diplomat bildirib.
Həmidə İBRAHİMLİ