"Rusiya ilə Qərb arasında gərginlik daha kəskin mərhələyə qədəm qoyub" - Deputat
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində ölkəsinin Strateji Hücum Silahlarının Azaldılması Haqqında Müqavilədə (START) iştirakını dayandırdığını bəyan edib.
Bəs, Rusiyanın sözügedən müqavilədə iştirakını dayandırması hansı nəticələrə gətirəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qeyd etdi ki, bu, Qərblə Rusiya arasında münasibətlərin olduqca kəskin bir həddə gərginləşdiyinin göstəricisidir.
"Vladimir Putin Federal Məclisə ünvanladığı müraciətdə bir çox məqamlara toxundu. Bir saat qırx dəqiqə çəkən bu müraciətdə əsas diqqət elə, Qərblə Rusiya arasında münasibətlərə həsr olundu. Putin Strateji Hücum Silahlarının Azaldılması haqqında Müqavilənin dayandırıldığını qeyd etdi. O, xüsusi vurğuladı ki, biz müqavilədən çıxmırıq, sadəcə olaraq onun icrasını dayandırırıq. Hesab edirəm ki, bu, Qərblə Rusiya arasında münasibətlərin olduqca kəskin bir həddə gərginləşdiyinin göstəricisidir. Rusiyanın mövqeyi ondan ibarətdir ki, Ukraynada cəbhənin bir tərəfində Rusiyadırsa, digər tərəfində Qərb dayanır. Qərb də Putinin vurğuladığı məqamlara görə münaqişənin aradan qaldırılmasında maraqlı deyil və Ukraynaya silah təminatını daha da artıracaq. Belə olan halda Rusiya Strateji Hücum Silahları haqqında anlaşmanın dayandırıldığını elan etdi və bununla bağlı müvafiq instansiyalara göstərişlər verdi. Təbii ki, Qərb mediasından da göründü ki, Qərb bu qərardan narahatlıq keçirir. Bir sıra çox da təsirli olmayan ölkələr Rusiyanın bu müqaviləyə qayıtmağa çağırdı. Bu mənada Avstriyanı qeyd etmək olar. Qərb mediasında bu məsələyə xüsusi diqqət yetirildi və sərgilənən mövqe ondan ibarət oldu ki, Rusiya ilə Qərb arasında gərginlik daha kəskin mərhələyə qədəm qoyub, bir sözlə münaqişədə eskalasiyanı şərtləndirir", - deyə deputat bildirdi.
Həmidə İbrahimli