"Bayden əsasən o məqsədlə Ukraynaya səfər etdi ki..." - Deputat

 21:02 22.02.2023     1045

"Baydenin Ukraynaya gəlişi çoxsaylı xarici dövlət rəhbərlərinin Kiyevə səfərinin tərkib hissəsidir. Yəni söhbət təkcə Baydendən getmir. Britaniyanın o vaxtkı baş naziri Boris Conson bir neçə dəfə Ukraynaya səfər etdi. Avropa ölkələrinin liderləri Ukraynaya səfər etdilər".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfərini şərh edərkən deyib.

O hesab edir ki, bu səfərlər Ukrayna ilə həmrəylik nümayiş etdirilməsinə dəlalət edir.

"Yəni Bayden əsasən o məqsədlə Ukraynaya səfər etdi ki, başqa ölkələr Ukraynaya köməyi azaltmasınlar. Çünki ayrı-ayrı ölkələrdə bildiyimiz kimi, cəmiyyətdə etirazlar formalaşmağa başlayır ki, məsələn, Ukraynaya köməyi, dəstəyi məhdudlaşdırsınlar. Ölkələrin özlərində həm gələcəkdə müdafiə və təhlükəsizlik problemləri yarana bilər, öz arsenallarını zəiflədirlər, həm də ki, davamlı olaraq maliyyə ayırmaqla o ölkələrdə sosial-iqtisadi rifaha təsir göstərir. Bayden də bunu görür, yəni Ukraynaya gələcək dəstəklərin azalacağı ehtimalından çıxış edib Kiyevə bu səfəri etdi ki, sadəcə olaraq bu dəstəklər davam etdirilsin".

ABŞ liderinin Kiyevə səfərindən sonra Rusiyanın Ukraynada apardığı müharibədə məğlub olacağı ilə bağlı fikirlərə gəlincə, Elşad Mirbəşiroğlu belə düşünmür:

"Çünki mahiyyət etibarilə Baydenin bu səfəri bu mənada hər hansı bir məqamı şərtləndirəcək kimi görünmür".

Qeyd edək ki, fevralın 20-də ABŞ Prezidenti Co Bayden gözlənilmədən Kiyevə gəlib.

Səfər zamanı verdiyi açıqlamada Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Dəstəyin ümumi məbləği 500 milyon dollar qiymətləndirilir. Söhbət artilleriya sursatları, tank əleyhinə sistemlər və hava nəzarəti radarlarının təminatından gedir. Bundan əlavə, Bayden silah tədarükü ilə bağlı öhdəliklərini açıqlayıb - 700-dən çox tank, minlərlə zirehli texnika, min artilleriya sistemi, 2 milyondan çox artilleriya mərmisi və s.

ABŞ prezidenti həmçinin yaxın vaxtlarda Rusiyaya qarşı əlavə sanksiyaların elan ediləcəyini bildirib.

Həmidə İbrahimli