"Aİ missiyasının məqsədi Cənubi Qafqazda Rusiyaya qarşı ikinci Ukrayna yaratmaqdır" - Elman Məmmədov

 13:30 23.02.2023     1587

Xəbər verdiyimiz kimi, fevralın 21-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Maraqlıdır ki, ermənilərin bu addımı Avropa İttifaqı "mülki" missiyasının Ermənistanda fəaliyyətə başlamasından bir gün sonra baş verib.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müşahidə etmək üçün Ermənistana iki il müddətinə missiya göndərib və onlar fevralın 20-dən sərhəddə fəaliyyətə başlayıblar. 

Bəs Aİ nümayəndələri Ermənistan həbçilərinin atəşkəsi pozmasına niyə göz yumublar? Missiya ermənilərin atəşkəsi pozduğunu qeydə alacaqmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov hesab edir ki, Aİ missiyası göz yummur və yummayacaqlar.

"Onların tökülmüş gözləri xüsusi niyyətlə bölgəyə gəlib. Atəşkəsin pozulması da, yəni atəş açılması, ermənilərin təxribat törətməsi də bir növ onların sifarişilədir. O gələnlərin içərisində əməlisaleh bir nəfər yoxdur. Onlar hamısı Avropanın müxtəlif dövlətlərindən olan kəşfiyyatçılar, polislər, hətta dünyanın müxtəlif dövlətlərində qırğınlar törətmiş hərbi təlimatçılardır. Bu, onların bir növ işinə yarıyıb, sifarişlədir. Ermənilər onları nəyə dəvət edib gətiriblər? Makron niyə göndərib? Ermənilər bax belə mütəmadi olaraq atəş açacaqlar. Təbii ki, Azərbaycan tərəfi onlara cavab verəcək. Onlar məlumat toplayırlar. Onlar nə yazacaqlar? Onlar ermənilərin atəş açdığını yazmayacaqlar. Onu qeydə alıb yazacaqlar ki, "Azərbaycan tərəfi atəşkəsi pozdu, Azərbaycan tərəfi erməni yaşayış məntəqələrini, dinc əhalini, Ermənistan ərazisini atəşə tutdu" və birinin də üstünə beşin qoyub yazacaqlar. Əgər 5 dəfə olubsa, 25 dəfə yazacaqlar. Bunların gəlməkdə məqsədi budur və bu hesabatları, saxta məlumatları hazırlayıb mərkəzlərə, Avropada olan müxtəlif qurumlara, ötürəcəklər, Birləşmiş Millətlər Təşkilatına göndərəcəklər. Bununla da Azərbaycana qarşı çox ciddi bir xoşagəlməz kampaniya başladacaqlar. Bunların gəlməkdə məqsədi budur. Yəni bunlar ondan sonra tələblər qoyacaqlar ki, Ermənistan ərazisi, mülki əhali, dinc insanlar, yollar Azərbaycan tərəfindən mütəmadi olaraq atəşə tutulur, ona görə bunların təhlükəsizliyini qorumaq üçün biz burada Avropaya məxsus hərbi gücümüzü də yerləşdirməliyik. Bu atəşkəslərin də pozulmasında məqsəd budur" - deyə parlamentari bildirdi. 

Elman Məmmədov ermənilərin Azərbaycanın Qarabağ bölgəsində - Şuşa istiqamətində, Xocavənddə də atəşkəsi pozduqlarını qeyd edərək bildirdi ki, Aİ missiyası bu məsələdən də ölkəmizin əleyhinə təbliğat aparmaq istəyəcək:

"Ermənilər Qarabağ bölgəsində də atəşkəsi pozublar, atəş açıblar. Və bunlar onu qeydə alıb haray-həşir qaldıracaqlar ki, orada blokada şəraitində yaşayan erməniləri azərbaycanlılar qırırlar, onlara qarşı soyqırım törədirlər, təcili bunlara kömək eləmək lazımdır. Yəni bu murdarların dəvət edib gətirdikləri özləri xasiyyətdə, özləri xislətdə olan, bunlardan da geri qalmayan murdarlar bax, bu məqsədə xidmət edəcəklər. Buna görə gəliblər. Onlar xeyirə gəlməyiblər. Onlar burada sülh yaratmaq üçün gəlməyiblər, barışıq eləmək üçün gəlməyiblər. Onların bölgəyə gəlməkdə məqsədi bu gərginliyi günü-gündən artırmaq, Rusiyaya məxsus Ermənistanda nələr varsa, bunların hamısını tədricən sıxışdırıb aradan çıxartmaq və Makron kimi erməninin dəstəyi ilə Avropanın müxtəlif dövlətlərinin hərbi birləşmələrini gətirib regionda yerləşdirmək, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci Ukrayna yaratmaqdır".

Həmidə İBRAHİMLİ