BMT Məhkəməsi Bakını Laçın dəhlizində sərbəst hərəkəti təmin etməyə çağırdı

 21:44 22.02.2023     763

BMT Beynəlxalq Ədalət Məhkəməsi qərara alıb ki, Azərbaycan Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etmək üçün bütün tədbirləri görməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü məhkəmənin sədri Coan Donoqu bildirib.

“Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün əlində olan bütün tədbirləri görməlidir”, - deyə o, Ermənistanın tələb etdiyi müvəqqəti tədbirlərlə bağlı qərarını açıqlayıb.

Qarşılıqlı iddia çərçivəsində Bakı İrəvana qarşı müvəqqəti tədbirlərin tətbiq edilməsini istəyib. Azərbaycanın əsas tələbi ondan ibarət idi ki, Ermənistan Azərbaycan ərazisində minalar və partlayıcı tələlər barədə bütün məlumatları versin və onların quraşdırılmasını dayandırsın.

Azərbaycanın bu tələbi təmin olunmamış qaldı.

Məhkəmə qeyd edib ki, Azərbaycanın müvəqqəti tədbirlərlə bağlı əvvəlki müraciəti zamanı məsələyə artıq baxılıb və o vaxtdan bəri heç bir dəyişiklik baş verməyib. Sonra instansiya belə qənaətə gəldi ki, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya Ermənistanın üzərinə Azərbaycana minalardan təmizləməni həyata keçirməyə imkan verən və ya minaların dayandırılmasını və yerləşdirilməsindən çəkinməyi nəzərdə tutan tədbirlər görmək öhdəliyi qoymur. . 

Qeyd edək ki, qrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq Ermənistan 2021-ci il sentyabrın 16-da Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla bağlı məhkəmə prosesi başlayıb. 

Həmin il sentyabrın 23-də Azərbaycan əks iddia qaldıraraq Ermənistanın regionda azərbaycanlılara milli və etnik mənsubiyyətinə görə bir sıra ayrı-seçkilik törətdiyini və törətməkdə davam etdiyini bildirib.

Əvvəlki prosesdə hər iki tərəf proses zamanı tərəflər arasında gərginliyin artmasının qarşısını almaq üçün məhkəmə tərəfindən müəyyən edilən müvəqqəti tədbirlərin tətbiq edilməsini tələb ediblər. Bu tələblər qismən yerinə yetirilib.

Tunar Altunbay