"Rusiya üzərinə düşən öhdəliyi yerinə yetirməyincə, problemlərimiz davam edəcək" - Hərbi ekspert

 14:30 23.02.2023     489

Məlum olduğu kimi, fevralın 21-də Ermənistan ordusu tərəfindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. 

Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərimizi atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Xatırladaq ki, fevralın 20-dən etibarən Avropa İttifaqının "mülki" missiyası Ermənistanda Azərbaycanla sərhəddə işə başlayıb. İki il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir. Onların arasında Fransa jandarmasının və Almaniya polisinin nümayəndələri də var.

Maraqlıdır, əgər missiyanın nümayəndələri atəşkəsin Ermənistan tərəfindən pozulduğunu qeydə alarsa, Ermənistan tərəfinə qarşı hansı tədbirlər görülə bilər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Avropa İttifaqının mülki missiyasının nümayəndələri atəşkəsin pozulmasını zərrə qədər də qeydə almayacaqlar:

"Gəlin özümüz özümüzü aldatmayaq. O komissiya əvvəla iki gündür ora gəlib və o komissiyanın fikri gələcəkdə də yüksək məvacibli iş yerini qoruyub saxlamaqdır. Ona görə onlar elə 2022-ci ilin iki ayı ərzində sübut elədilər ki, necə komissiyadır. Yəni orada atəşkəs pozulurdu, onlar heç bir halda Ermənistanın cinayətlərini qeydiyyata almadılar, çünki yedikləri, içdikləri kef elədikləri erməni cəmiyyəti, ictimaiyyəti idi. Ona görə zərrə qədər də elə düşünməyin ki, onlar indi atəşkəsin pozulmasını qeydə alacaqlar və yaxud da ki, onu rəsmiləşdirəcəklər. Hətta rəsmiləşdirsələr belə BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini 30 ilə yaxın icra etməyən Ermənistana hansı belə cəza mexanizmi tətbiq olundu ki, indi iki atəşə, beş atəşə görə kimsə ona gözün üstə qaşın var desin?"

Polkovnikin sözlərinə görə, biz daha çox diqqəti Qarabağdakı Rusiya sülhməramlılarına yönəltməliyik:

"Biz daha çox Azərbaycan ictimaiyyaəti, mətbuatı olaraq ona diqqət yönəltməliyik ki, necə olur Rusiya sülhməramlılarının nəzarəti altında olan mövqelərdən Azərbaycanın müqəddəs şəhəri olan Şuşa şəhəri, yəni əsgər və zabitlərimiz atəşə məruz qalıb? Bu haqda düşünək. Nə qədər ki, Rusiya üzərinə düşən öhdəliyi yerinə yetirməyəcək, yəni 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın dördüncü bəndində nəzərdə tutulduğu kimi erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması məsələsi həll olunmayacaq, bir o qədər də bizim problemlərimiz davam edəcək. Yəni atəş də açılacaq, Allah qorusun, əsgər və zabitlərimiz arasında problemlər də yaşanacaq, yaralananlar, hətta şəhid olanlar da ola bilər. Bu haqda biz düşünməliyik. Avropa missiyasından qorxmaq lazım deyil, o missiya Ermənistan ərazisindədir və o özü üçün bir yağlı iş yeri tapıb deyə, maksimum çalışacaq ki, orada baş verən proseslərə göz yumsun və öz maraqları çərçivəsində çıxış etsin", - deyə Ü.Cəfərov bildirdi.

Həmidə İbrahimli