"Putinin bu qərarı çox təhlükəlidir" - Politoloq
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində ölkəsinin Strateji Hücum Silahlarının Azaldılması Haqqında Müqavilədə (START) iştirakını dayandırdığını bəyan edib.
Qeyd edək ki, Putinin bu qərarı bir çox ölkələr tərəfindən tənqidlə qarşılanıb. Hətta Rusiyanı bu addımdan geri dönməyə çağıran dövlətlər də var.
Bəs, Rusiyanın sözügedən müqavilədə iştirakını dayandırması hazırda davam edən Ukrayna müharibəsi fonunda Qərblə nüvə müharibəsinə gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynli qeyd etdi ki, Putinin bu qərarı çox təhlükəlidir.
“Rusiya heç müqavilədən çıxmamışdan əvvəl nüvə silahlarının istehsalına başlamışdı. Yeni tipli silahlar olan “Sarmat” , “Kinjal", "Tsirkon" kimi silahların istehsalına başlayıb, hətta sınaqlarını keçirməyə çalışır. Nüvə döyüş başlığı ilə təmin edilən və səsdən 8 qat yüksək sürətli raketlərin istehsalına da başlayır. Bu, təhlükəli addımlardan biridi, lakin açığı Rusiyanın bununla dünyanı təhdid edib nəyəsə nail ola biləcəyinə inanmıram. Əksinə, bu addımlar Rusiyanı bütün dünyanın gözündən salacaq. Nüvə silahını tətbiq etmək istəsə qarşı tərəfin, xüsusilə Amerikanın, ola bilsin Böyük Britaniyanın, Fransanın əks zərbələrinə tuş gələ bilər. Bu isə Rusiya üçün təhlükəli vəziyyət yarada bilər" - deyə o, bildirdi.
Q.Hüseynlinin fikrincə, Putin Ukraynaya hücumunda yanlışlığa yol verdiyi kimi, bu addımla da yanlışlığa yol verir:
"Resurslarının olmamasına baxmayaraq, ölkənin istehsal gücünün azalmasına, əhalinin maddi güzəranının pisləşməsinə əhəmiyyət vermədən sürətlə silahlanmağa yol açmaq istəyir”.
Arzu İSMAYIL