Vardanyan Qarabağdan niyə yola salındı? - Rusiyanın növbəti planı

 19:23 23.02.2023     449

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" uzaqlaşdırılıb. Bu barədə separatçıların "rəhbəri" Arayik Arutyunyan "qərar" verib.

Bildirilib ki, onun yerinə Qurgen Nersisyan gətirilib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan pollitoloq Əli Mustafa bildirdi ki, Vardanyan Rusiyanın təqribən İvanaşvili prosesinin analoqudur.

"Yəni Gürcüstana vaxtı ilə İvanaşvili necə göndərildisə, bu da Ermənistana göndərilib. Yəqin ki, Qarabağda nələrsə edib, sonra Ermənistana keçəcək. Amma anlaşılan odur ki, Vardanyan İvanaşvili qədər uğurlu ola bilmədi. Çünki İvanaşvili deyilənlərə görə pis-yaxşı pul paylayırdı, camaata dəstək verirdi. Amma bu əksinə, hələ özü buradan pul qazanmaq istəyirdi. Mədənlərə göz dikdi, başqa işlər gördü. Digər tərəfdən, əslində onların öz daxilində də problem var. Arutyunyanla Vardanyan eyni adam deyil, fərqli adamlardır. Hardasa rəqib idilər. Üstəlik də informasiyalara görə, Arutyunyan daha çox Paşinyana yaxın xətt idi. Bu da daha çox Rusiya xətti idi. Qarabağ klanı xətti idi. Bunlar ciddi rəqib düşərgələrə məxsus adamlar idi. Ona görə bunların birgə işləməsi real, mümkün deyil. Daha doğrusu, rəqabət var idi. Yəni Vardanyan güclənəcəkdi, Arutyunyanı sıradan çıxaracaq idi. Arutyunyan hər-halda görünür yola salmağı bacardı. Yəqin ki, Rusiya ilə nələrsə razılaşdırıldı. Rusiya da Vardanyanın o qədər də uğurlu kadr olmadığı qənaətinə gəldi. Amma mümkündür ki, Vardanyanı müxalifətdə şişirtsinlər", - deyə o, vurğuladı.

Politoloq onu da qeyd etdi ki, Azərbaycan da Vardanyanı istəmir:

"Azərbaycan hakimiyyətinin mövqeyi burada təbii ki, nəzərə alınır. Çünki sonunda Qarabağ klanı, Qarabağdakı separatçı rejim də fərqindədir ki, mövcud olmaq üçün Azərbaycan hakimiyyətinə uzlaşmalıdırlar. Vardanyanla da uzlaşma yoxdur. Vardanyan daha böyük hədəflər qoyduğuna görə o, sərt ritorika seçmişdi. Yəni Ermənistanda Paşinyanı devirməyə qədər gedən yolu izləyirdi. Ona görə burada sərt davranmalıydı. Üstəlik, indi bildiyim qədər mədənlərə də gözünü tikib. Bu baxımdan düşünürəm ki, həm də Ermənistandakı hakimiyyət də təbii ki, Vardanyanın onun gələcək rəqib olduğunu bilir. Yəni hamı Vardaniyanın Rusiya kartı olduğunu bilir. İstər Avropa olsun, istər Amerika olsun, istər Ermənistandakı hakimiyyətdəkiləri olsun və sairə. Ona görə də indi dünyada Rusiya hansı vəziyyətə salınıbsa, Vardanyan da Qarabağda həmin vəziyyətdə salındı. Məsələ budur. Yəni onun getməsi bir növ zamanın hökmünə çevrilib".

Həmidə İbrahimli