"Arutyunyan Vardanyanı Azərbaycanın tələbi ilə istefaya göndərib" - Erməni siyasətçi

 20:05 23.02.2023     315

"Arayik Arutyunyan Ruben Vardanyanı "dövlət naziri" vəzifəsindən azad etməklə Azərbaycanın tələbini yerinə yetirib".

Redaktor.az xəbər verir ki, bunu Qarabağdakı separatçıların "parlamentinin" Ədalət Partiyası fraksiyasının katibi Metakse Akopyan Ermənistanın "news.am" saytına müsahibəsində bildirib.

“Əslində Azərbaycan Qarabağda hansı siyasi proseslərin baş verəcəyinə qərar verir. Arutyunyan bunu göstərdi. Bütün bu prosesdə "Artsax" birləşəndə ​​və Ruben Vardanyan da ona qoşulanda "Artsax" prezidenti yenidən məğlubiyyətçi mövqe nümayiş etdirərək bizim mübarizə yolundan geri çəkildi. O, bu birliyə xəyanət etdi. Artıq kimin "dövlət naziri" olacağının əhəmiyyəti yoxdur, "Artsax"da dövlət idarəçiliyi uğursuzluğa düçar olub”, - deputat qeyd edib.

O, əmindir ki, Arutyunyanın qərarları Ermənistanın Baş naziri Nikol Paşinyanla razılaşdırılıb.

“Paşinyan onun əli ilə Qarabağı Azərbaycana təslim etmək planına malikdir. Biz son mərhələdəyik”, - deyə Akopyan yekunlaşdırıb.

Xatırladaq ki, bu gün Qarabağdakı separatçıların lideri Arayik Arutyunyan Ruben Vardanyanı "dövlət naziri" vəzifəsindən azad edib. Onun yerinə Qurgen Nersisyan gətirilib.

T.İSMAYIL