"Özlərini rəqib kimi göstərən Rusiya və Fransa Qafqazda birgə hərəkət edə bilərlər" - Deputat

 11:44 25.02.2023     690

Məlum olduğu kimi, uzun fasilədən sonra fevralın 21-də Ermənistan ordusu tərəfindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. 

Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərimizi atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Xatırladaq ki, fevralın 20-dən etibarən Avropa İttifaqının "mülki" missiyası Ermənistanda Azərbaycanla sərhəddə işə başlayıb. İki il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir. Onların arasında Fransa jandarmasının və Almaniya polisinin nümayəndələri də var.

Maraqlıdır, əgər missiyanın nümayəndələri atəşkəsin Ermənistan tərəfindən pozulduğunu qeydə alarsa, Ermənistan tərəfinə qarşı hansı tədbirlər görülə bilər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, atəşkəsin pozulması Rusiya hərbi kontingentinin gözü qarşısında baş verdiyindən onlar da məsuliyyət daşıyırlar.

"Mən bu atəşkəsi pozulmasının üç səbəbkarını görürəm. Onlardan birincisi yenə də böyük dövlətlərin əlində geosiyasi alət olan haylardır. Digəri Azərbaycanın izni olmadan regiona missiya göndərən Fransadır. Yəni Avropa İttifaqının missiyasının bu regiona gəlməsində əsas rolu məhz sözügedən dövlət oynayıb və bir də nəzərə alsaq ki, atəşkəs sadəcə Azərbaycan-Ermənistan şərti sərhədində deyil, həm də Qarabağda pozulub, burada təbii ki, proseslər Rusiya hərbi kontingentinin gözü qarşısında baş verdiyindən onlar da məsuliyyət daşıyırlar. Yəni hiss olunur ki,  Azərbaycan üçün yetərincə uğurlu keçən Münxen danışıqlarından sonra bəzi dövlətlər haylara yenidən təsir edərək, proseslərin tezliklə sülh anlaşmasının bağlanması yönündə getməsinin qarşısını alırlar. Münxen danışıqlarından isə gizlətmədiklərindən də açıq aydın görünür ki, Rusiya narazıdır və bu danışıqlardan açıq şəkildə dilə gətirməsə də, ABŞ faktoruna görə təbii ki, Fransa da narazıdır. Çünki Fransa prezidenti Makron ciddi cəhdlə çalışırdı ki, Avropa platformasında baş verən görüşlərdə mütləq Paşinyana yandaşlıq etsin. Daha dəqiq isə Paşinyan ona yandaşlıq etsin. Amma bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin Makronun son dərəcə məsuliyyətsiz, bir sıra hallarda isə düşmənçilik kimi qiymətləndirilə biləcək davranışından sonra onun vasitəçiliyinin mümkünsüzlüyünü bildirdi. Yəqin onu da xatırlayırsınız ki, Paşinyan Makronsuz Avropada Azərbaycanla yüksək səviyyəli görüşlərin keçirilməyəcəyini bildirmişdi. Amma məcbur olub ABŞ dövlət katibi Blinkenin moderatorluğu altında üçtərəfli görüşlərə qatıldı. Laçın yolu ilə bağlı uydurmalarını qərbdəkilərə həzm etdirə bilmədi və necə deyərlər, orda əli ətəyindən bir növ üzərinə yeni öhdəlik qoyulmuş bir tərəf kimi göründü. O öhdəlik də ondan ibarət idi ki, dələduz Ruben Vardanyanın Qarabağdakı dırnaqarası vəzifəsindən çıxarılmasını oradakı separatçı rejimin digər təmsilçilərindən tələb etsin",- deyə qeyd edən deputat əlavə etdi ki, özlərini rəqib kimi göstərən Rusiya və Fransa sabah bu regionda bir sıra məsələlərdə birgə hərəkət edə bilərlər:

"Və ona görə də Azərbaycan mövqelərinin atəşə tutulmasının üç səbəbkarı olduğunu mən diqqətə çatdırıram. İstənilən halda Fransanın bu hərəkətləri Rusiyanın elə də xoşuna gəlmədiyi üçün, ikincisi isə hayların missiyanın orada olmasını, Azərbaycanın endirə biləcəyi cavab zərbələrindən onları sığortalandığını düşündükləri səbəbindən təxribatlara gedəcəklərini bilməmiş deyildi. Bütün bunlar ortada ola-ola missiyanın göndərilməsi artıq az öncə də dediyim kimi, çox şeydən xəbər verir. Eyni zamanda, bu, həm də ondan xəbər verir ki, bu gün, ümumiyyətlə, özlərini rəqib kimi göstərən Rusiya və Fransa sabah bu regionda bir sıra məsələlərdə birgə hərəkət edə bilərlər. O da mümkündür ki, bu haqda onların arasında gizli anlaşma da var. Ona görə də mən əmin deyiləm ki, Avropa Birliyinin oradakı missiyası və yaxud da ki, Rusiyanın Qarabağdakı hərbi kontingenti atəşkəsin pozulmasından da hayları suçlandıracaq hər hansı bir açıqlama yaysınlar və bunu istisna edir".

Həmidə İbrahimova