Zəlzələ bölgəsindəki tələbələrdən XƏBƏR VAR

 12:39 26.02.2023     285

“Türkiyədə baş verən zəlzələdən sonra oradakı səfirlik və baş konsulluqlarımız vasitəsilə qardaş ölkədə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına başlanılıb”.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Türkiyədə dağıdıcı zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan müxtəlif istiqamətlərdə hərəkətə keçib:

“Onlardan ən əsas məqamlardan biri də Prezidentin tapşırığına əsasən böyük bir qrup xilasedicilər, həkimlərin zəlzələ bölgəsinə yollanmasıdır. Məhz Azərbaycanın ən böyük heyətlə qardaş ölkəyə yollanmasında əsas məqsəd maksimum şəkildə insanların xilas edilməsi idi. Yalnız Azərbaycan xilas ediciləri tərəfindən 50-dən çox insan xilas edilib”.

“Konsulluq və səfirliyimizə müraciət edən bütün vətəndaşlarımız təxliyə edilib”-, C. Bayramov vurğulayıb.

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələ bölgəsində qalan azərbaycanlı tələbələrdən də danışıb.

Nazir bildirib ki, zəlzələ bölgəsində yaşayan azərbaycanlı tələbələr və onların ailə üzvləri ilə mütəmadi əlaqə saxlanılır.