"Azərbaycanda olmayan ləvazimatları xaricdən sifariş veririk" - Türkiyədəki səfirimiz

 16:35 26.02.2023     305

“Əlimizdə olmayan vasitələr təcili surətdə xaricdən alınır və zəlzələ bölgəsinə çatdırılır”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Milliyət”ə müsahibəsində deyib.

Ovurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir:

“Qardaş qardaşa dəstəyinin hesabatını verməz. Azərbaycan bunları qardaşlıq vəzifəsi olaraq yerinə yetirir. Nə lazımdırsa, etməyə davam edəcəyik”.

Diplomat söyləyib ki, zəlzələ bölgəsində ehtiyac olan bir çox ləvazimat Azərbaycan bazarında tükənib:

“Ona görə də xaricdən sifariş verməli oluruq. Azərbaycan və Türkiyə xalqlarının bir-birinə sevgisi bu səviyyədədir. Türkiyə güclü dövlətdir. Türkiyə bu zəlzələnin də təsirlərini qısa zamanda aradan qaldıracaq. Azərbaycan da bunun üçün əlindən gələni edəcək”.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 218 nəfər ölüb.