Hansı səfirlər Xocalı ilə bağlı paylaşım etdi, hansılar YOX?..

 17:59 26.02.2023     273

Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələrindən bir çoxu sosial şəbəkə hesablarında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşımlar ediblər.

Redaktor.az xəbər verir ki, ilk olaraq Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xocalı soyqırımının ildönümü ilə əlaqədar tviterdə paylaşım edərək, faciə qurbalarının xatirəsini anıb.

Səfirin paylaşımında deyilir: “26 fevral 1992-ci ildə ermənilər tərəfindən qətlə yetirilən Xocalı qurbanlarını hörmət və rəhmətlə anırıq”.

ABŞ-ın Bakıdakı səfirliyi isə azərbaycanlıların matəminə qoşulduqlarını bəyan edib:

“Biz bu gün azərbaycanlıların matəminə qoşulur və 1992-ci ildə Xocalıda həyatını itirən şəxslərin ailələrinə başsağlığı veririk”, - deyə səfirliyin tviter paylaşımda qeyd olunub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

“Bu gün Xocalı faciəsinin qurbanlarını yad edirik. Allah rəhmət eləsin!”, - səfir sosial şəbəkə hesabında yazıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko da Xocalı faciəsi ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Xocalı faciəsi zamanı ailələrini, dostlarını və evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız bir araya gəlməliyik ki, Cənubi Qafqazda barışıq və uzunmüddətli sülhə nail olmaq üçün hər cür səy göstərək”.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Xocalı soyqırımı ilə bağlı paylaşımında qeyd edib ki, bu gün qəlbimiz təsvirolunmaz ağrı və kədər doldurur:

“Xocalı faciəsi bəşəriyyət tarixinə ən faciəli səhifələrdən biri kimi həkk olunub. Kimsə 21-ci əsrdə Avropanın mərkəzində hadisələrin təkrarlana biləcəyini təsəvvür edə bilərdimi? Rusiyanın bu gün Ukraynaya qarşı etdikləri bir daha sübut edir ki, cəzasızlıq yeni cinayətlər törədir!”

Fransanın ölkəmizdəki səfiri Ann Buayon da Xocalı soyqırımı qurbanlarını yad edib.

“Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə dərin ehtiramımı bildirmək istəyirəm. Davamlı sülhə dialoq və barışıq yolu ilə nail olmaq lazımdır ki, belə hərəkətlər bir daha baş verməsin", - diplomat vurğulayıb.

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən Almaniya, Qazaxıstan və digər ölkələrin diplomatik nümayəndələri də Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.

Qeyd edək ki, İran, Rusiya və İsrailin ölkəmizdəki səfirləri Xocalı soyqırımı ilə bağlı hələ ki paylaşımlar etməyiblər (modern.az)