"Paşinyan çalışır ki, Qarabağda da Sorosun adamları iş başında olsun" - Politoloq

 17:37 27.02.2023     430

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" uzaqlaşdırılıb və onun yerinə Qurgen Nersisyan gətirilib.

Xankəndi separatçıları arasında "Sorosun adamı" kimi tanınan Nersisyanın Nikol Paşinyanın komandasına yaxın olduğu, Ermənistan hakimiyyəti ilə yaxşı münasibətlər qurduğu bildirilir. Vardanyanın yerinə Nersisyanın gətirilməsi onun "Sorosun adamı" olması ilə əlaqələndirilir. 

Maraqlıdır, bəs niyə Rusiyanın əlaltısı olan Vardanyanı "Sorosun adamı" ilə əvəz etdilər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynli bildirdi ki, əvvəla biz onu nazir kimi qəbul etmirik.

"Onlar qondarma respublikanın dırnaqarası nazirləridir və bunu qeyri-qanuni, Azərbaycanın müstəqilliyi əleyhinə akt hesab edirik. Amma hər halda o qurum var, qeyri-qanuni fəaliyyət göstərir və orada da çox mürəkkəb proseslər gedir. Mən deyirəm ki, həmin proses tamamilə Ermənistanın, onun baş naziri Nikol Paşinyanın təsiri altında gedən proseslərdir. Nikol Paşinyan da özü Sorosun adamlarındandır və çalışır ki, Qarabağda da Sorosun adamları iş başında olsun. Onsuz da əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaqsa və onun imzalanması bu il, hətta yaxın altı ayda da baş tuta bilər və o zaman qondarma respublikanın fəaliyyəti də sual altına düşəcək. Eyni zamanda, Qarabağın ermənilər yaşayan ərazisində Azərbaycanın suverenliyi tam bərqərar olacaq. Ona görə də bunlar hamısı müvəqqəti prosesdir. Vardanyan da necə deyərlər, Qarabağ ermənilərinin özü tərəfindən, Arayik Arutyunyan tərəfindən uzaqlaşdırıldı. Deyirlər İrəvandadır. Amma mənim zənnimcə, o, əvvəlki yerinə, Moskvaya qayıtmaq məcburiyyəti qarşısında qalacaq", - deyə politoloq vurğuladı.

Həmidə İbrahimli