"Moskva Bakının rus dilinə münasibətini yüksək qiymətləndirir" - Rusiya XİN

 20:24 27.02.2023     285

"Ənənəvi olaraq Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq fəal şəkildə inkişaf etdirilir".

Redaktor.az "mid.ru"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun Azərbaycana səfəri haqqında media açıqlamasında bildirilir.

Qeyd olunub ki, Rusiya Bakının rus dilinə və mədəniyyətinə diqqətli münasibətini yüksək qiymətləndirir.

"Biz azərbaycanlı dostlarımıza bu işdə, o cümlədən respublikada rus dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin hazırlanması, azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsili üçün kvotaların artırılması məsələlərində lazımi köməklik göstərməyə hazırıq.

Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi çərçivəsində iki ölkənin gəncləri arasında təmaslar ardıcıl olaraq gücləndirilir. Yazda Azərbaycanın Qusar rayonunda, payızda isə Nijni Novqorodda Rusiya və Azərbaycan gənclərinin təşəbbüslərinin forumları keçirilib.

Hazırda Rusiyada 8 minə yaxın azərbaycanlı tələbə təhsil alır, onlardan 1000-i federal büdcə hesabına. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox dövlət təqaüdü verilir. Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı uğurla fəaliyyət göstərir. Müvafiq müqavilə-hüquqi baza sayəsində Rusiya diplomları Azərbaycanda, Azərbaycan diplomları isə Rusiyada tanınır. Ölkədə 340-a yaxın rus dilində tədris olunan məktəb, Azərbaycanın ali təhsil müəssisələrində rusdilli fakültələr fəaliyyət göstərir", - deyə Rusiya XİN-dən bildirilib.

Turan İSMAYIL