"Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına öz töhfəsini verə bilər" - Deputat

 15:37 28.02.2023     512

Xəbər verdiyimiz kimi, Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

22 fevral 2022-ci ildə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə təsadüf edən görüş zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsinə toxunulub.

Maraqlıdır, bəs bu görüşdən sonra Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı proseslər hansı yöndə inkişaf edə bilər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan və Rusiya tarixən qonşu olan ölkələrdir.

Onun sözlərinə görə, qonşu ölkələr həmişə yaxşı münasibətdə olmalı, əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələləri axtarıb tapmalıdırlar:

"Rusiyanın xarici işlər nazirinin səfəri Azərbaycan-Rusiya arasında olan bütün kompleks məsələlərin müzakirəsini nəzərdə tutur və bu gün Rusiya Azərbaycan üçün qonşu dövlət, yaxşı münasibətləri olan ölkə, müttəfiq və dünya birliyində bir sıra məsələlərdə ümumi baxışları olan ölkədir. Bir-birinin milli maraqlarına hörmətlə yanaşırlar, daxili işlərinə qarışmırlar və Azərbaycan Rusiya ilə yaxşı münasibətlər saxlamaqda maraqlıdır. Düzdür, Rusiya-Ukrayna münasibətləri məsələsində biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və bunu açıq şəkildə həm Rusiya, həm də dünyaya bildiririk. Aydın məsələdir ki, Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri, eyni zamanda, bu gün Azərbaycan üçün aktual olan Ermənistanla münasibətlərin normallaşması məsələsinin müzakirəsini də nəzərdə tutur. Ona görə ki, Rusiya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən regiona qonşu olan yeganə ölkədir və Rusiyanın Azərbaycan və Ermənistanla yaxşı münasibətləri vardır. Bu baxımdan Rusiya Azərbaycanın qonşu ölkə ilə münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər və bu münasibətlərin normallaşmasına nə qədər çox qüvvə, nə qədər çox ölkə öz dəstəyini verərsə, hesab edirəm ki, məsələ tezliklə həll edilə bilər".

A.Mirzəzadənin fikrincə, həmçinin nəzərə almaq lazımdır ki, Sergey Lavrov Rusiya siyasətində çox ciddi, nüfuzlu bir fiqurdur.

"Rusiyanın həm xarici, həm daxili siyasətinin formalaşmasında, mövqeyinin dəqiqləşməsində onun təsiri çox böyükdür. Hesab edirəm ki, onun səfəri Azərbaycan-Rusiya münasibətlərini daha da dərinləşdirməyə, ümumi nöqtələr, ümumi baxışlar tapmağa və həmçinin dünyada stabilliyin sülhün təmin edilməsi üçün hansı addımların atılmasına gərəkli olduğunu müzakirə etməyə imkan verəcəkdir", - deyə deputat bildirdi.

Həmidə İbrahimli