Deputat Lavrovun Bakıya səfərindən danışdı: "Rusiyanın İrana təzyiqi mühüm rol oynaya bilər"

 18:00 28.02.2023     520

Xəbər verdiyimiz kimi, Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

22 fevral 2022-ci ildə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə təsadüf edən görüş zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsinə toxunulub.

Rusiya XİN rəhbəri azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında da sözügedən məsələ ilə bağlı açıqlamaları ilə yadda qaldı.

Maraqlıdır, bəs Lavrovun səfərindən sonra Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı proseslər hansı yöndə inkişaf edə bilər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, bu səfərdə məqsəd daha çox ikitərəfli əlaqələrin perspektivi ilə bağlı dövlət başçılarının verdikləri tapşırıqların icrası yönündə vəziyyəti dəyərləndirmək idi.

"Təbii ki, bir sıra aktual regional məsələlərlə də bağlı müzakirələrin aparılması gözlənilirdi ki, fikrimcə, bunların başında nəqliyyat-kommunikasiya xətlərinin açılması gəlirdi. Və burada söhbət təkcə Zəngəzur dəhlizindən getmir. Mən ümumiyyətlə, bu səfərin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə hər hansı bir müsbət təsir göstərəcəyini düşünmürəm və mənə elə gəlir ki, səfərdə məqsəd də o deyildi. Bu səfərdə məqsəd daha çox ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı dövlət başçıları arasındakı razılaşmaların həlli perspektivi  yönündə müəyyən addımların atılması idi. Təbii ki, səfərdə regional əməkdaşlıq məsələri də gündəmdə idi və belə görünür ki, burada hər iki dövlətin maraqları üst-üstə düşür. Lavrov cənab prezidentlə görüşündə "meqa layihə" sözünü işlətdi. Meqa layihə deyərkən, söhbət  ilk növbədə şimal-cənub dəhlizindən gedir. Burada təbii ki, Rusiyanın İrana təzyiqi mühüm rol oynaya bilər. Bilirsiniz ki, İran məhz Azərbaycana düşməncəsinə yanaşması səbəbindən özü üçün də böyük dividendlər vəd edən dəhlizin açılmasına elə də maraqlı görünmür. Neçə illərdir ki, Rəşti Astara ilə birləşdirən dəmir yolu xətti çəkilmir. Amma indi Rusiyanın özünün onun çəkilməsində yer almaq niyyəti var. Ona görə də ola bilər ki, bu məsələdə müəyyən irəliləyişlər baş versin. Rusiya xarici işlər nazirinin Zəngəzur dəhlizinin açılması məsələsində hələlik söz də olsa, sərgilədiyi mövqe də bizim maraqlarımıza uyğundur. Lavrovun Laçın yolunda  nəzarət buraxılış məntəqəsinin qoyulmasının üçtərəfli bəyanatda nəzərdə tutulmadığını vurğulamasına gəldikdə, onun  qanunsuz yüklərin  gəlişinə texniki nəzarətdən söz etməsi göstərir ki,  bu məsələdə Rusiya ilə Azərbaycanın  razılığa gəlmələrinin heç də mümkünsüz deyil . Yəni hətta bu il olmasa belə, kim necə yanaşır-yanşsın 2025-ci ildə Azərbaycan Laçın yolunda  nəzarət-buraxılış məntəqəsi quracaq. Çünki söhbət Azərbaycan torpaqlarından gedir.  Azərbaycan 2025-ci ildən sonra Rusiya hərbi kontingentinin orada qalmasını istəmir. Qalmayacaqları halda təbii ki, öz torpaqlarımızda  nəzarət buraxılış məntəqəsini qurulacaq",- deyə deputat qeyd etdi.

Sahib Alıyev Lavrovun Bakıda başqa bir açıqlamasına da diqqət çəkdi.

"Onun Moskvada da deyil, Azərbaycan paytaxtında Ermənistana qarşı narazılığını gizlətməməsinin özü, açıq şəkildə dilə gətirməsi də bizim üçün hər halda müsbət bir məqam sayıla bilər.

Həmidə İbrahimova