Ermənistan delimitasiya ilə bağlı layihəni Azərbaycana təqdim edib - Paşinyan AÇIQLADI

Ermənistan Azərbaycana delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini təhvil verib.
Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu çərşənbə günü hökumət saatında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Bu yaxınlarda biz Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsi təqdim etmişik. Biz bu sənədə cavab gözləyirik", - baş nazir bildirib.
Paşinyan xatırladıb ki, sülh müqaviləsinin İrəvanın təklif etdiyi variant Azərbaycan tərəfinə verilib.
"Amma bizim belə reaksiyamız yoxdur. Bizə belə bir sənəd gələndə ona cavab vermək üçün müəyyən vaxt lazımdır. Güman edirəm ki, bir müddətdən sonra hansısa reaksiya olacaq", - Paşinyan bildirib.
Eyni zamanda o qeyd edib ki, sülh müqaviləsi üzrə işin 3 mərhələsi artıq keçib - təkliflər mübadiləsi. Bu istiqamətdə işlər davam etdirilməlidir.
Paşinyan qeyd edib ki, bu iş həmişə üzbəüz görüşlər tələb etmir.
Ermənistan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, kommunikasiyaların açılması, sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əvvəlki təkliflər qüvvədə qalır.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 16-da hökumətin iclasında bəyan etmişdi ki, İrəvan öz təkliflərini Azərbaycan tərəfinə çatdıraraq Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb. O əlavə edib ki, bu, tam müqavilə layihəsidir. Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.
Turan İSMAYIL