"Azərbaycan bu planı pozdu" - Deputat Xocalıdakı görüşdən DANIŞDI

 19:48 01.03.2023     530

"Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində martın 1-də Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşü Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir". 

Bunu Redaktor.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.

O, qeyd edib ki, bir sıra region dövlətləri Qarabağda yaşayan ermənilərin reinteqrasiyasının qarşısını almaq üçün müxtəlif layihələr hazırlayıblar.

"Düzdür proses hələ tam yekunlaşmayıb. Ancaq bütün hallarda belə görüşlərin keçirilməsi çox önəmlidir. Çünki əvvəlki dövrdə həm Ermənistan tərəfi həm də bir sıra dövlət və beynəlxalq təşkilatlar bu danışıqların Ermənistanla aparılmasında israr edirdilər. Hətta Qarabağa status da tələb edirdilər. Azərbaycan bu planı pozdu. 

Hazırkı mərhələdə bölgəyə ən qısa müddətdə sülhün gəlməsi çox önəmlidir. Ancaq biz yolun uzun və çətin olduğunu da unutmamalıyıq. Bütün hallarda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz məqsədlərinə doğru inamla addımlayır", - deyə millət vəkili vurğulayıb.

Xatırladaq ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

Turan İSMAYIL