"Hər şey müharibə yolu ilə həll olunmur" - Deputatdan Xocalıdakı görüşə REAKSİYA
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.
Bəs, bu görüşdən hansı müsbət nəticələr əldə oluna bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu, başlanğıcdır.
"Hesab edirəm ki, çox faydalı bir təmasdır. Bütün hallarda ilkin nəticəyə hələ gəlmək olmaz. Danışıqlar prosesi hələ bir neçə mərhələlərdən keçməlidir, daha mötəbər səviyyələrdə davam etməlidir. Bütün hallarda danışığın olması müsbət bir haldır və mən hesab edirəm ki, bu tendensiyanı davam etdirməliyik. Çünki bizim ərazimizdir, ərazimizdə yaşayan ermənilərlə bu və ya digər formada təmas qurmalıyıq. Hər şey müharibə yolu ilə həll olunmur, diplomatiya da işə salınmalıdır və bu proses genişlənməlidir. Burada da hesab edirəm ki, həm erməni tərəfdən, həm Azərbaycan tərəfdən ictimaiyyət də bu məsələ ilə bağlı öz təkliflərini verməlidir",-deyə deputat qeyd etdi.
Həmidə İbrahimli