“Bakı Zirvə görüşü beynəlxalq münasibətlər tarixində mühüm bir hadisə kimi qalacaq” - Deputat
Martın 2-də Bakıda Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb.
Ölkəmizin paytaxtında belə bir beynəlxalq tədbirin keçirilməsi ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikirincə, Qoşulmama Hərəkatı dünyanın ikinci ən böyük beynəlxalq təşkilatıdır.
Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi yeni bir mərhələ yaradıb.
“Hazırda Bakıda keçirilən bu tədbirdə böyük maraq, bir də ondan irəli gəlir ki, Qoşulmama Hərəkatı sözün əsl mənasında, son üç ildə, yəni Azərbaycanın bu hərəkata rəhbərlik etdiyi dövrdə yenidən təşkilatlanma və yenidən institutlaşma istiqamətində mühüm addımlar atdı, mühüm qərarlar qəbul etdi. Qoşulmama Hərəkatının üzvü olan ölkələrin Parlament Assambleyası, Gənclər Təşkilatı yaradıldı. Sözün əsl mənasında ciddi bir beynəlxalq təşkilata çevrildi. Eyni zamanda, Azərbaycan bu hərəkatın daimi qərargahının olması ilə bağlı da məsələ qaldırdı” - deyən deputat düşünür ki, Qoşulmama Hərəkatı bu gün Bakıda çox vacib bir məsələni müzakirə edir:
“Çünki artıq bəşəriyyət post-pandemiya mərhələsinə qədəm qoyur və əlbəttə ki, bu mərhələdə üzv ölkələrin bir-birinə qarşılıqlı dəstəkləri iqtisadiyyatın bərpasına kömək edə bilər. Yenidən təşkilatlanma və yenidən sənayeləşmə, tibbi inkişafda yeni mərhələyə qədəm qoymaq kimi mühüm vəzifələr dayanır. Ona görə mən düşünürəm ki, bu, bir tarixi görüşdür, çünki heç də pandemiya hər üç ildən, beş ildən bir təkrar olunan hadisə deyil. Bu miqyaslı pandemiyalar 100 ildən, 150 ildən bir təkrar olunan hadisələrdir. Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü də bu hərəkatın tarixində və bütövlükdə beynəlxalq münasibətlər tarixində mühüm bir hadisə kimi qalacaqdır”.
Arzu İSMAYIL