"Prezidentimizin çevik addımları Rusiyanı buna vadar etdi" - Fəzail Ağamalı

 15:14 02.03.2023     605

"Nəhayət buzlar qırıldı. 2020-ci ilin möhtəşəm zəfərindən sonra, 44 günlük qələbəmizdən sonra ölkə prezidentinin məharətlə aparmış olduğu diplomatiya özünün nəticələrini verməyə başlayıb. Bəlli olan odur ki, Qarabağda bütün proseslərin arzu etdiyimiz və arzuolunan səviyyədə getməsində əsas maneə Rusiya tərəfindən olub. Və ölkə prezidentinin Rusiya ilə düşünülmüş, ölçülüb-biçilmiş dövlət və milli maraqlarımızı hədəflənən siyasəti və əlbəttə indi dünyada gedən geopolitik proseslər, xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi, bunun üzərində prezidentimizin çevik addımları Rusiyanı buna vadar etdi".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı dünən həmkarı Ramin Məmmədovun Xocalıda ermənilərlə keçirdiyi görüşə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın artıq razılığı əsasında ilk addım atıldı:

"Məlum olduğu kimi, Rusiyanın Qarabağda müvəqqəti yerləşən sülhməramlı qüvvələrinin rəhbərliyi, onların vasitəçiliyi ilə ilk olaraq Azərbaycan nümayəndəsi ilə Qarabağda olan yerli əhalinin təmsilçiləri, icmanın nümayəndələri ilə görüş keçirildi. Bu görüşü mən müsbət qiymətləndirirəm. Ramin Məmmədov bizim həmkarımızdır. Gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəsi var. Yüksək intellektə malikdir, vətənpərvər millət vəkilidir və əminəm ki, o, bu prosesi davam etdirib, uğurla başa çatdıracaqdır. Buna əminəm və əlbəttə, ilk addım atıldı. Bundan sonra da bu addımlar möhkəmlənəcək".

Deputat onu da qeyd etdi ki, bu cür görüşlərə mane olmaq istəyənlər olacaq:

"Həm keçmiş Vardanyan səviyyəsində, onun ətrafında olanlar səviyyəsində, daha sonra hələ də müstəqillik haqqında xəyallar yaşayan və 44 günlük müharibənin canisi olan, Azərbaycanın dinc əhalisinin ölümcül raketlərlə həyatına son qoyan, raketlərin atılmasını əmr edən və bundan “qürur duyan” Arutunyan kimi insanlar da çalışacaqlar ki, bu təmaslar baş tutmasın, bu təmaslar konkret nəticələrini verməsin. Lakin onların hər hansı bir gücü və imkanları yoxdur. Mən tamamilə əminəm ki, Azərbaycanın atmış olduğu bu addımlar həm də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilməkdə davam edəcəkdir. Çünki bu, elə bir addımdır ki, buna mane olmaq üçün əsas yoxdur. Yəni, söhbət ciddi qüvvələrdən, marağı olan dövlətlərdən və beynəlxalq təşkilatlardan gedir".

Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

Həmidə İbrahimli