"Ermənistanda ağlı başında olan insanlar xilas olmağa çalışırlar" - Deputat

 17:54 02.03.2023     508

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin sədri Alen Simonyan keçirdiyi brifinqdə deyib ki, Qarabağ məsələsi iki ölkə arasında razılaşmada heç bir formada ifadə edilməməlidir.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinin bəzi bəndləri üzrə konsensus var.

O vurğulayıb ki, mümkün sülh sazişi hələ də müzakirə olunur, lakin onun yekun formasının nə olacağı hələ bəlli deyil.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirdi ki, Ermənistan parlamentinin sədrinin çıxışları reallığı əks etdirən yanaşmadır.

"Onlar nəhayət  başa düşürlər ki, Ermənistanın bir dövlət kimi gələcəyi, erməni xalqının normal həyat səviyyəsində yaşamağının yeganə yolu Azərbaycanla, eyni zamanda Türkiyə ilə münasibətlərin yaxşılaşmasından və bərpasından gedir. Buna mane olan yeganə şərt, amil Qarabağ üzərində Ermənistanın vaxtı ilə aparmış olduğu təcavüzkar siyasət və onun ağır nəticələridir. Və orada ağlı başında olan insanlar təbii ki, bu ağır nəticələrdən xilas olmağa çalışırlar. Bu baxımdan Simoniyanın yanaşması normal yanaşmadır və düşünürəm ki, onlar da Ermənistanın bu günü və gələcəyi naminə bu addımı atmağa məcburdurlar",- deyə deputat qeyd etdi.

Həmidə İbrahimli