Azərbaycan Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsini yaratmaqda israrlı olmalıdır

 13:46 02.03.2023     305

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Laçın yolunda - Ermənistanla sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılmasının “müzakirə mövzusu deyil” fikri hazırda gündəmin əsas mövzularından birinə çevrilib. Ermənilər buna sevinir, azərbaycanlılar isə bu fikri etirazla qarşılayır. Əslində, Lavrovun mövqeyində təəccüblü heç nə yoxdur. Çünki erməniləri tarixi torpaqlarımıza köçürən Rusiyadır. Və bu gün də Rusiya Qarabağdakı ermənilərin maraqlarını maksimum qorumağa çalışır.

Məsələ ondadır ki, Münhendə dövlətimizin başçısının rəsmən irəli sürdüyü təklifi-həm Laçın yolunda, həm də Zəngəzur dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması təklifini Ermənistan birtərəfli olaraq qəbul etməyib. Yəni, rəsmi İrəvan Azərbaycanın Laçın istiqamətində dövlət sərhəddində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını istəmir. Amma özləri Zəngəzur dəhlizi dediyimiz Mehri rayonu istiqamətindəki dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi, gömrük postu yaratmağa çalışır və bu mövqeyini xeyli əvvəldən bəyan edib. Paşinyan hakimiyyətinin mövqeyi belədir: “Laçın dəhlizi Azərbaycanın nəzarətində olmamalıdır. Ermənistan isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında gediş-gəlişinə şərait yaratmağa bir şərtlə razıdır ki, gömrük və sərhəd buraxılış məntəqəsi yaratsın”. Rəsmi İrəvan bu mövqeyini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəaları ilə əsaslandırır. İddia edirlər ki, həmin bəyanatda “Laçın dəhlizi” ifadəsi var, amma “Zəngəzur dəhlizi” yoxdur. Amma üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvanla əlaqəsini təmin etmək üçün Ermənistanın maneəsiz gediş-gəlişə zəmanət vermək öhdəliyi var. Bu “maneəsiz gediş-gəliş” öhdəliyini isə açıq platformalarda heç bir vasitəçi ölkə, beynəlxalq qurum Ermənistana xatırlatmır.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, sözügedən üçtərəfli bəyanatın və digər bəyanatların hüquqi qüvvəsi varmı? Bunu beynəlxalq hüquq üzrə mütəxəssislər daha dəqiq izah edə bilər. Lakin bildiyimiz qədər bəyanatlar sadəcə siyasi xarakterlidir və onun müddəalarının icrası məcburi xarakter daşımır. Biz indiyə qədər müşahidə etmişik ki, dünyadakı bir çox problemlərlə bağlı nüfuzlu beynəlxalq təşkilatların, dövlətlərin saysız-hesabsız bəyanatları var. Həmin bəyanatların icrasını kimsə tələb edirmi? Yox. Heç bu bəyanatları qəbul edənlər də.

Ona görə də, həm Ermənistanın, həm də onun havadarlarının üçtərəfli bəyanatlardan möhkəm yapışması ciddi qəbul edilməməlidir. Onların bir məqsədi var ki, ermənilərin maraqlarını maksimum öndə saxlasınlar. Bu qüvvələrə onu da xatırlatmaq lazımdır ki, 10 noyabr üçtərəfli bəyanatını yalnız Azərbaycan icra etməlidir, Ermənistan yox? Rəsmi İrəvan həmin bəyanatın müddəalarının böyük hissəsini icra etməyib: Qanunsuz hərbi dəstələr Qarabağdan çıxarılmayıb; Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə edirdi, separatçıları silahlandırırdı; Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR ilə komunikasiyanın manesiz təmin olunmasına hələ də şərait yaratmayıb və s.

Bütün bunların fonunda, Ermənistanın bu razılaşmalara əməl etməməsi 10 noyabr üçtərəfli bəyanatı lazımsız kağız parçasına çevirməkdədir. Ona görə də, Azərbaycan Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsini yaratmaqda israrlı olmalıdır. Bununla da, Qarabağdakı separatçılarına kənar qüvvələrin təsiri zərərsizləşdiriləcək, burada yaşayan erməni əsilli vətəndaşlarımızla təmasların müsbət mənada artmasına və nəticələrin əldə edilməsinə imkan yaradacaq. Lavrovun dediyi "texniki vasitələr" söhbəti isə yoxlamalarda Azərbaycanın iştirakı olmasa, bu mənasız bir şey olacaq.

Nəzərə alsaq ki, tərəflər arasında sülh sazişinin imzalanması üzrə danışıqlar gedir, hər iki tərəfdə sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması məsələsi də sülh sazişinə daxil edilə, yaxud bu məsələ ilə bağlı ayrıca dövlətlərarası sənəd imzalana bilər. İmkan vermək olmaz ki, Ermənistan və onun havadarları bu məsələdə yalnız 10 noyabr üçtərəfli bəyanatına istinad etsin. Çünki məcburi icra qüvvəsi olmayan həmin bəyanatı ermənilərin özləri adi kağız parçasına çevirməkdədir.

Nardar BAYRAMLI