Paşinyan Ermənistana missiya göndərdiyi üçün Almaniyaya təşəkkür etdi

 20:11 02.03.2023     297

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının mülki missiyasının Ermənistana göndərilməsi üçün göstərdiyi səylərə görə Almaniya kansleri Olaf Şolza təşəkkür edib.

Redaktor.az TASS-a istinadla bildririr ki, bu barədə Paşinyan Berlində  mətbuat konfransı zamanı bildirib.

"Mən Almaniya hökumətinə Aİ-nin mülki missiyasının Ermənistanda yerləşdirilməsi qərarını dəstəklədiyinə görə təşəkkür edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu missiya regionda sülh və təhlükəsizliyin bərqərar olmasına təsir göstərəcək. Mən şəxsən kansler Şolza təşəkkür edirəm, bilirəm ki, bu onun birbaşa qərarı ilə olub”,- Ermənistan baş naziri deyib.

Paşinyanın aydınlaşdırdığı kimi, Aİ-nin mülki missiyasının fəaliyyətinin tərəflərin imzalamağa hazırlaşdıqları sazişlə tənzimlənməsi barədə razılıq əldə olunub. Hazırda bu, qarşılıqlı rəsmi məktublarla tənzimlənir.

Yanvarın 26-da Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki,  Aİ nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması yalnız mövcud ziddiyyətləri kəskinləşdirə və regiona geosiyasi qarşıdurma gətirə bilər.

Tunar Altunbay