"Pensiya yaşının azaldılması məsələsində razılığa gələ bilmirik" - Vahid Əhmədov

 18:21 03.03.2023     996

Xəbər verdiyimiz kimi, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) qadınların pensiya yaşının azaldılması, xüsusilə 63 yaş müəyyənləşdirilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsini təklif edib.

Bu barədə Ombudsman Səbinə Əliyevanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, ümumiyyətlə, bu məsələ həmişə müzakirə edilib.

"Biz bu məsələni neçə dəfə müzakirə etmişdik. Milli Məclisdə də bu məsələ həmişə qaldırılıb ki, pensiya yaşı azaldılmalıdır. Xüsusilə qadınlar üçün. Çünki pensiya yaşı 65 yaş xanımlar üçün çoxdur. Amma buna müəyyən qədər müsbət cavablar yoxdur. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi belə hesab edir ki, insanlar bizdə çox yaşayırlar, ona görə də pensiya yaşını azaltmağa ehtiyac yoxdur. Amma bu, həmişə müzakirə mövzusu olub. İndi də elə müzakirə mövzusudur. Yəni gündəmdə olan məsələdir. Ombudsman təklif edibsə, mən deyərdim ki, heç nə dəyişmir. Ombudsman yəqin ki, Milli Məclisə hesabatında bunu yazıb. Ona görə də indi bu məsələlər artıq Milli Məclisin məsələsidir" - deyə millət vəkili qeyd etdi.

Vahid Əhmədov əlavə etdi ki, Milli Məclislə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi pensiya yaşının azaldılması məsələsində razılığa gələ bilmir.

Həmidə İbrahimli