"Rusiya sülhməramlıları saxtakarlıq, riyakarlıq nümayiş etdirir" - Elman Məmmədov

 18:47 06.03.2023     698

Xəbər verdiyimiz kimi, martın 5-də erməni silahlıları Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə sülhməramlıların nəzarətində olan ərazilərimizə hərbi ləvazimatlar, silah-sursat və şəxsi heyətin daşınmasını həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Bu zaman ermənilərin açdığı atəş nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.

Maraqlıdır ki, Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan edir, digər tərəfdən də Qarabağdakı separatçılara gizli yollarla hərbi yardım göndərərək təxribatlara yol verirlər.

Blə olan halda, təxribatları törətməkdə Ermənistanın məqsədi nədir? Yeni bir müharibə gözlənilə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, Azərbaycan ərazisində 1991-ci ilin sentyabrında cinayətkarlar, terrorçular tərəfindən yaradılmış Artsax adlanan ceparatçı qurum bu gün də fəaliyyətini davam etdirirsə və Qarabağda Ermənistana məxsus silahlı birləşmələrin müəyyən hissələri qalmaqda davam edirsə, belə təxribatlar həmişə olacaq.

"Bunu dəfələrlə demişəm,  bu gün də təkrar edirəm, Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolu üzərində mütləq sərhəd buraxılış məntəqəmiz mütləq olmalıdır. Biz nəzarət eliyə bilməliyik ki, ərazimizə kim niyə gəlir, kim gedir, nə gətirir, nə aparır? Bütün bunlara  Azərbaycan müstəqil dövlət kimi nəzarət etməlidir. Bunlar yoxdursa, hələ də Azərbaycan Ermənistan arasında sərhədlər də dəqiqləşməyibsə  bu təxribatlar, bu gərginlik, bu toqquşmalar olacaq. Erməni saytlarını da yəqin oxuyursunuz. Görürsünüz, nə tələblər, nə iddialar ortaya qoyurlar? Rusiyanın xarici işlər naziri Lavrov bu dəfə gəlib gedəndən sonra müəyyən söhbətlər, danışıqlar oldu. Görün ermənilər deyir ki, əgər hətta o yolda müəyyən qurğular da quraşdırılsa, Azərbaycan o qurğulara yaxın buraxılmamalıdır, müdaxilə etməməlidir. Bu, ancaq Rusiya sülhməramlılarının nəzarətində olmalıdır. Fikir verirsinizmi, müharibədə məğlub olmuş, kapitulyasiya aktına qol çəkmiş, məhv olmuş bir dövlət bu gün bizim qarşımızda hər ağlına gələn şərtləri, tələbləri qoymaqda davam edir.

Digər tərəfdən, dünənki hadisəyə baxaq, Xankəndindən çıxıb Kərkicahandan, Qaybalı, Saybalıdan, Turşsudan keçib, gəlib həmin o Xankəndi-Laçın yoluna müəyyən yerdə çıxırlar və ordan da Ermənistana keçirlər. Bu kəndlərdə azərbaycanlılar yaşayırdı. Ermənistanla da həmin yoldan gəlirlər. Qış vaxtı gedib gələ bilmirdilər. Dağlıq ərazidir. İndi sərbəst gedib gələ bilirlər. Bu ərazilərə nəzarət kimin ixtiyarındadır, kim məsuliyyət daşıyır? Rusiya sülhməramlıları. Bəs niyə nəzarət etmirlər? Niyə şərait yaradırlar? Yəni bu gün biz Rusiya ilə nə qədər səmimi oluruqsa, nə qədər mehriban qonşuluq, əməkdaşlıq ediriksə, Rusiya saxtakarlıq, qeyri-səmimilik, riyakarlıq nümayiş etdirir. Guya Rusiya hərbi kontingenti bilmirdi ki, ermənilər həmin alternativ yollarla gedib-gəlir, silah, sursat daşıyır? Yəni o ərazilər meşələr, dağlar bu gün artıq iqlimdə, havalar yaxşılaşandan sonra yaz-yay vaxtlarında terrorçuların cinayətkarların işğalçıların gedib gəlməsi üçün çox əlverişli yerlərdir. Bunların hamısına biz özümüz nəzarət etməliyik",- deyə qeyd edən deputat bildirdi ki,10 noyabr 2020-ci ildə üçtərəfli imzalanmış sənədin tələblərinə əməl olunmalıdır.

"Buna da Rusiya hərbi kontingenti nəzarət etməlidir. Ancaq etmir. Niyə bu günə qədər hələ müharibə iki ildən çoxdur qurtarıb Ermənistan dövlətinin silahlı birləşmələrinin tör töküntüləri bu gün ərazimizdə qalmaqda davam edir? Hərbi xidmətiı başa çatmış ermənilər mülki paltarda həmin rus sülhməramlı adlanan qüvvələrin maşınları ilə yerlərini dəyişir. Ərazilərimizdə hələ yeni səngər istehkam qurğuları yaradırlar, müşahidə kameraları qururlar, silahlanırlar, güclənirlər, təlimlər keçirlər. Bu da ondan xəbər verir ki, ermənilərin sülh haqqında dedikləri bütün fikirlər, təkliflər, sözlər riyakarlıqdan başqa, vaxt qazanmaqdan başqa bir şey deyil. Ona görə təbii ki, biz Azərbaycan tərəfi olaraq bütün bu təxribatlara cavab verəcəyik . Bunun üçün biz hər şeyə təbii ki, hazır olmalıyıq".

Həmidə İbrahimli