"Şəhidlərin qisasını almaq üçün hər vasitəyə əl atmalıyıq" - Fazil Mustafa

 17:18 06.03.2023     587

Xəbər verdiyimiz kimi, martın 5-də erməni silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata yol verib.

Belə ki,  Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Maraqlıdır ki, Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan edir, digər tərəfdən də Qarabağdakı separatçılara gizli yollarla hərbi yardım göndərərək təxribatlara yol verirlər.

Bütün bunlarda Ermənistanın məqsədi nədir? Bu təxribatların qarşısı alınması üçün yeni bir müharibə gözlənilə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki,bu istiqamətdə gözlənilən proseslər gedir.

"Əslində, Azərbaycan separatçıların, terrorçuların təmizlənməsi istiqamətində addımları hələ vaxtında müəyyən dərəcədə atmağa çalışsa da, buna mane olan qüvvələr vardı. Xüsusilə də Rusiya sülhməramlıları bu missiyanı öz üzərinə götürməli idilər. Amma onlar həmin terrorçuları tərksilah etmədilər. Ona görə də bu missiya bizdə qalır, Azərbaycan öz ərazisində hansısa silahlı birləşməyə qarşı sərt tədbirlər görməlidir. Azərbaycan ərazisində hər hansı bir separatçılıq yuvasının olmasına imkan verilməməlidir. Belə bir vəziyyətdə bizim əsgərlərin şəhid olması da hər halda bizi daha da bu qüvvələrə qarşı səfərbər edir və onların qisasını almaq üçün hər bir vasitəyə əl atmalıyıq",- deyə deputat qeyd etdi.

Həmidə İbrahimova