Qarabağda anti-terror əməliyyatları keçirilə bilər - Deputatdan AÇIQLAMA
Xəbər verildiyi kimi, martın 5-də erməni silahlıları Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizə hərbi ləvazimatlar, silah-sursat və şəxsi heyətin daşınmasını həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Bu zaman ermənilərin açdığı atəş nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, son hadisələr göstərir ki, Ermənistan sülhə maraqlı deyil, sülh müqaviləsinin imzalanması üçün real addımlar atmır və daha çox təxribatlar törədir.
Şəhidlərimizə rəhmət diləyən millət vəkli hesab edir ki, biz bir tərəfdən ordumuzu gücləndirməli, daha da möhkəmləndirməliyik, digər tərəfdən isə danışıqları davam etməliyik.
"Ola bilər ki, yeni anti-terror əməliyyatlarının da keçirilməsinə ehtiyac olsun, bu məsələ də nəzərdən qaçırılmır. Yəni bir daha baş verən proseslər onu göstərir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Biz nə etməliyik? Çalışmalıyıq ki, 10 noyabr razılaşmasına Ermənistan tam əməl etsin və təxribatlara son qoysun və bu təxribatların davam etməsinə imkan verməməliyik. Bunun üçün də Azərbaycan tərəfi davamlı olaraq səylə çalışmalıdır. Necə ki, bu gün çalışırıq. Ermənistanın qeyri-qanuni silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. Onların ərazilərimizdən tamamilə çıxarılmasına nail olmalıyıq. Azərbaycan-Ermənistan sərhədində - söhbət Laçına daxil olan yoldan gedir - Azərbaycan mütləq nəzarət buraxılış-məntəqələri yaratmalıdır. Burada Azərbaycanın nəzarəti ən yüksək formada olmalıdır və təxribatların qarşısı ən sərt formada alınmalıdır. Necə ki, bu edildi. Eyni zamanda, beynəlxalq müstəvidə, beynəlxalq istiqamətdə davamlı olaraq biz səylərimizi davam etdirməliyik. Bu istiqamətdə işlərimizi uğurla yerinə yetirməyə və icra etməyə çalışmalıyıq. Birmənalıdır ki, Azərbaycan zamanla öz məqsədlərinə mütləq nail olacaq. Sülh prosesi uzun prosesdir. Bu sadəcə zaman məsələsidir. Prosesin uğurla həll olunması isə hər birimizdən asıllıdır", - deyə Ceyhun Məmmədov qeyd etdi.
Arzu İSMAYIL