Aİ-dən atəşkəsin pozulmasına REAKSİYA

 15:15 09.03.2023     237

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar atəşkəsin pozulmasına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, Klaar tviter səhifəsində bu barədə yazıb.

"Son vaxtlar baş verən hadisələrdən böyük narahatlıq keçiririk. Bütün problemlər müzakirə və danışıqlar yolu ilə nəzərdən keçirilməlidir. Region toqquşmalardan kifayət qədər əziyyət çəkib. İndi qalıcı və ədalətli sülh üçün birgə çalışmaq vaxtıdır", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması ilə bağlı məlumat yayıb. "Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Zəylik, Mollabayramlı, Yellicə, Yuxarı Ayrım, Daşkəsən rayonunun Astaf, Gədəbəy rayonunun Zamanlı və Göyəmli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub", - deyə MN-in açıqlamasında bildirilib.