Deputat sərhəddəki Aİ missiyasının əsl məqsədini AÇIQLADI

 15:34 10.03.2023     505

Ermənistan tərəfi ötən gün Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açması barədə məlumat yayıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin iddiasını təkzib edərək bəyan edib ki, Ermənistanın yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Bəs erməni tərəfinin belə bir yalan məlumat yaymasında məqsəd nədir? Ermənistan-Azərbaycan sərhədində müşahidə aparan Avropa İttifaqı missiyası bu erməni yalanını aktlaşdırıb ölkəmizə qarşı istifadə edə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, Ermənistanın böhtan xarakterli təxribatları uzun illərdir ki, davam edir və görünür, bundan sonra da davam edəcək. Onun sözlərinə görə, Ermənistan regionda sülh istəmir:

"Məsələ ondadır ki, regionda sülh istəməyən təkcə Ermənistan deyil, həm də onun Avropadakı bəzi islamofob himayəçiləridir. Ermənistan-Azərbaycan sərhədinə monitorinq missiyasını göndərən də neokommunist mərkəzlərdir. Onların gəlməkdə məqsədi də Ermənistanın yalançı məlumatlarını aktlaşdırıb, sənədləşdirib sonra Avropa İttifaqına təqdim edərək Azərbaycana qarşı addımlar atmağa şövq etməkdir. Bu, bizi təəccübləndirmir. Çünki biz bəzi Avropa dövlətlərinin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin necə 30 illik münaqişə dövründə regiondakı ədalətsizliyə, erməni işğalına göz yumduğunun şahidi olmuşuq. Ona görə də bu da eyni məntiqi, eyni siyasi təfəkkürün fərqli formada davam etdirilməsidir”.

Avropa İttiqafının Azərbaycanın əleyhinə hansısa qərar qəbul edib-etməyəcəyinə gəlincə, deputat bildirdi ki, əvvəldən bəri Ermənistan-Azərbaycan sərhədinə göndərilən bu monitorinq missiyasının məqsədi bundan ibarət idi.

"Əlbəttə ki, bunlar gələcəkdə Azərbaycanın əleyhinə çevrilə bilər. Mən düşünürəm ki, Ermənistan bu yolla sülh əldə edə bilməyəcəkdir, nə də onun hamiləri Cənubi Qafqazda yeni imperialist siyasətlərini həyata keçirə bilməyəcəklər. Çünki Azərbaycan güclü dövlətdir və yekun sülhə nail olmaq üçün də önümüzdəki mərhələdə çox qətiyyətli addımlar ata bilər”, - deyə H.Babaoğlu vurğuladı.

Arzu İSMAYIL