"Ermənistanın təxribatlarına qarşı öz dəlillərimizi təqdim etməliyik" - Deputat
"Qarşı tərəfin guya Azərbaycan Ordusu tərəfindən erməni mövqelərini atəşə tutması barədə yalan məlumat yaymasında məqsəd Ermənistan tərəfindən atılan addımların müəyyən dərəcədə pərdələnməsi və Avropa İttifaqının orada olan missiyasını materialla təmin etmək üçün bir az dolaşıq vəziyyət yaratmağa yönəltməkdir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirdi.
“Bu addımlar bilavasitə onların (Avropa ittifaqının -red.) hansısa bir qərar qəbul etməsinə təşviq etmək üçün atılıb. Amma Azərbaycan tərəfi təbii ki, bütün məsələlərin obyektiv dəyərləndirməsindən yanadı və hər hansı bir süni şəkildə ərazimizə müdaxilənin baş verməsini əngəlləmək üçün tədbirlərimiz görülür. Onsuz da indi Avropa İttifaqı qərəzli, qeyri-obyektiv qərarlar çıxarır. Bu, Azərbaycana təsir edəcək mahiyyətdə deyil. Çünki hamı bilir ki, onların mövqeləri Ermənistanı dəstəkləmək istiqamətindədir və biz öz işimizə baxmalıyıq. Biz çalışmalıyıq ki, hər hansı bir şəkildə Ermənistanın bu təxribatları sənədlərdə əksini tapmasın və buna qarşı da öz dəlillərimizi təqdim etməliyik. Bizim dəlillər, məncə, daha obyektiv və çoxşaxəlidir" - deyən millət vəkili hesab edir ki, yenə də alınan süni qərarlar və Azərbaycana qarşı təzyiq vasitələrinin bir əhəmiyyəti olmayacaq.
Qeyd edək ki, Ermənistan tərəfi ötən gün Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açması barədə məlumat yayıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin iddiasını təkzib edərək bəyan edib ki, Ermənistanın yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
Arzu İSMAYIL