"İranın davranışları acizliyin nümunəsidir" - Musa Qasımlı

 17:15 13.03.2023     418

"Azərbaycanın təcavüzkar Ermənistan üzərində 44 günlük müharibədə qazandığı qələbədən ən çox narahat olan ölkələrdən biri İrandır. İran uzun illər boyu ərazilərimizin işğal altında olmasını istəyib və buna çalışıb".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Musa Qasımlı İranın sərhədimizdə təxribat törətməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, İran hesab edir ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra daha da güclənəcək və cənubdakı soydaşlarımıza daha güclü təsir göstərəcək;

"İranın hərəkətləri onun isterikasını göstərir. Bu hərəkətlər əslində İranın zəifliyidir. İranın bir dövlət kimi gələcəyi Azərbaycanla mehriban qonşular kimi yaşamaqdan keçib. Azərbaycan heç vaxt İran əleyhinə siyasət yürütməyib, öz ərazisindən İrana qarşı fəaliyyətə imkan verməyib, imzaladığı bütün sənədlərə riayət edib. Amma biz bunu İrandan görməmişik. Azərbaycan ədalətli müharibə aparanda İran işğalçı Ermənistana yardımlar eləyib. Ona görə də hesab edirəm ki, İranın davranışları acizliyin nümunəsidir".

Xatırladaq ki, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

İranın bu təxribatı ilə bağlı Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlikləri bu ölkəyə etirazını bildiriblər.

Həmidə İbrahimli