"Avropanın müşahidə missiyasının Ermənistandakı fəaliyyəti heç bir nəticə verməyəcək" - Deputat
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Almaniya Federativ Respublikasına işgüzar səfər edib.
İlham Əliyevin Almaniya Kansleri Olaf Şolstla görüşü zamanı bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı məsələlər müzakirə olunub.
Xatırladaq ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədinə göndərdiyi mülki missiyanın tərkibində alman polsləri də var. Bu baxımdan, liderlərin bu görüşdən sonra Avropa İttifaqının əsas ölkələrindən sayılan Almaniya ölkəmizlə bağlı mövqeyində hansısa dəyişikliklər edə bilərmi?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq günü-gündən yüksələn xətt üzrə inkişaf etməkdədir.
Onun sözlərinə görə, istənilən halda Avropa İttifaqı və ya Avropada yerləşən təsisatlar vahid mərkəzdən idarə olunmur:
"Orada bir çox siyasi dairələrin təsiretmə mexanizmi var və bu baxımdan da mən düşünürəm ki, Ermənistana göndərilmiş müşahidə missiyası birbaşa olaraq Fransanın təsiri altında həyata keçirilib. Fransanın burada öz maraqları var və sözsüz ki, Avropa İttifaqı olduğu üçün digər ölkələrin də nümayəndələri burada təmsil olunmaqdadır. Ancaq mən açıq deyirəm, bu missiyanın faktiki olaraq Azərbaycan-Ermənistan münasibətlərindəki normallaşmaya heç bir müsbət təsiri və faydası yoxdur. Əksinə, bu, birbaşa olaraq Ermənistanın revanşist hisslərini daha da alovlandırır və Ermənistan müəyyən dərəcədə ümidlənir ki, nə vaxtsa prosesləri öz xeyrinə dəyişə bilər. Son günlərdə sərhəddə, yəni şərti sərhəddə baş verən atışmalar da fikrimcə Ermənistan tərəfindən məqsədyönlü olaraq törədilir ki, Azərbaycan tərəfi adekvat cavablar versin və onlar Avropa İttifaqının müşahidə missiyasının buraya əbəs gəlmədiyini bir növ əsaslandırsın. Ancaq görürsünüz ki, faktiki olaraq biz bu müşahidə missiyasının hansısa bir tutarlı sənədini və ya hesabatını hələlik görə bilməmişik. Onlar öz müşahidə missiyaları ilə əlaqədar heç bir iş ortaya qoya bilmirlər".
Azərbaycan-Almaniya münasibətlərinə gəldikdə isə deputat bildirdi ki, biz Almaniya ilə daha çox iqtisadi və siyasi münasibətlərin inkişafında maraqlıyıq və Prezident İlham Əliyevin də Almaniyaya səfəri zamanı 30-dan artıq iş adamı ilə, böyük korporasiyaların rəhbərləri ilə görüşü də buna bir misaldır:
"Avropa İttifaqı hal hazırda enerji böhranının aradan qaldırılması üçün alternativ yollar axtarışındadır və ən optimal və real variantlar təklif edən xətt isə Azərbaycanla bağlıdır. Azərbaycan artıq öz enerji resurslarını Avropa bazarlarına çıxardıb və hal-hazırda ixracın həcminin artırılması ilə əlaqədar real işlər görməkdədir. Ancaq bununla yanaşı, Transxəzər boru kəmərinin çəkilməsi ehtimalı var. Cənab Prezident açıq formada bu layihə ilə bağlı münasibətini bildirdi".
Naqif Həmzəyev onu da qeyd etdi ki, konkret olaraq Avropa İttifaqı bu layihənin reallaşmasını istəyirsə, sərmayə ortaya qoymalıdır:
"Çünki bilirsiniz ki, neftdən fərqli olaraq qaz ixracı ilə əlaqədar öncədən müqavilələr imzalanmalıdır. Bu boru xətti yenidən çəkilməlidir. Çünki TAP, TANAP layihəsi üzrə Azərbaycan öz qazını maksimum həcmdə Avropa İttifaqının ərazisinə çatdıracaqdır və bu boru faktiki olaraq Azərbaycan qazı ilə dolacaq. Bu baxımdan da, Transxəzər layihəsini reallaşdırmaq üçün isə konkret səhmdarlar və konkret şirkətlər lazımdır ki, bu iri həcmli maliyyə tutumlu olan layihəni maliyyələşdirsinlər. Mən düşünürəm ki, Avropa İttifaqından Ermənistana nə qədər dəstək nümayiş etdirilsə də, bu, Azərbaycanın Avropa İttifaqı ilə olan iqtisadi maraqları fonunda həmişə kölgədə qalacaqdır. Avropa İttifaqı Azərbaycanla münasibətlərinin daha da yaxşılaşmasına maraqlı tərəf kimi çıxış edəcəkdir. Məhz Almaniya da, mən düşünürəm ki, Cənubi Qafqazda aparıcı söz sahibi olan Azərbaycanla münasibətlərinin daha da inkişaf etdirilməsinə maraqlıdır və cənab Prezidentin Almaniya səfərindən sonra Almaniya Azərbaycana daha çox maraqlı tərəf kimi çıxış edəcəkdir. Avropanın müşahidə missiyasının Ermənistandakı fəaliyyəti də faktiki olaraq heç bir nəticə verməyəcək və gec-tezi Azərbaycanın diktəsi ilə Ermənistanı sülhə məcburetmə siyasəti uğur qazanacaqdır və Ermənistan Azərbaycanla sülh anlaşmasını imzalayacaq".
Həmidə İbrahimli