"İrəvan digər dövlətləri Azərbaycan-Ermənistan münasibətlərinə qatmağa çalışır" - Aydın Mirzəzadə

 17:03 15.03.2023     366

"Cənab Prezidentimizin Almaniyaya səfəri işgüzar xarakter daşıyırdı. Və ilk növbədə Almaniyanın biznes dairələri ilə görüşmək, onları Azərbaycanda layihələrlə maraqlandırmaq, birgə fəaliyyət göstərmək məqsədi daşıyırdı və uğurla alındı. Hesab edirəm ki, alman kapitalı Azərbaycanda özünün yerini tuta biləcəkdir və şübhəsiz ki, Almaniya rəsmiləri ilə görüşdə Azərbaycan özünün problemləri və özünün dünya məsələlərinə mövqeyini də açıqladı. Azərbaycan-Ermənistan münasibətlərinin indiki vəziyyəti, Ermənistanın sülh müqaviləsi imzalamaqdan imtina etməsi məsələləri də söhbətlərdə əsas aparıcı mövzulardan biri idi".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə Prezident İlham Əliyevin Almaniyaya səfərini şərh edərkən deyib.

O, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədinə göndərdiyi mülki missiyanın tərkibində alman polislərinin olması və bunun Almaniya-Azərbaycan münasibətlərinə təsiri məsələsi ilə bağlı sualımızı da cavablandırdı. Deputatın sözlərinə görə, İlham Əliyevlə kansler Olaf Şoltsun görüşündə Azərbaycan öz mövqeyini ortaya qoydu.

"Ordan o tərəfə isə Almaniya artıq nə qərar qəbul edir, onun daxili işidir. Həmçinin nəzərə almaq lazımdır ki, Ermənistanın öz daxilində hansı təşkilatın, ölkənin missiyasını dəvət etməsindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü, suveren hüquqlarını qorumaq əzmindədir, bunu edir və bundan sonra da edəcəkdir. Ermənistan isə məsələni beynəlmiləlləşdirməyə, digər dövlətləri Azərbaycan-Ermənistan münasibətlərinə qatmağa çalışır. Bu isə onda alınmayacaq. Dünya hər halda Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bizim üçün əsas məsələ budur", - deyə Aydın Mirzəzadə vurğuladı.

Həmidə İbrahimli