Paşinyandan növbəti HƏYASIZLIQ: Ermənilərin Bakı, Sumqayıt, Gəncəyə köçürülməsini istəyir

 12:29 16.03.2023     630

Ermənistanın Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə ermənilərin Azərbaycanın işğaldan azad etdiyi Qarabağ ərazilərinə, eləcə də onlara bitişik rayonlara qaytarılması ilə bağlı danışıqlara başlamağı tapşırıb.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasında bildirib.

O deyib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 7-ci bəndi yerinə yetirilmir.

"Söhbət BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında olan qaçqın və məcburi köçkünlərin Qarabağ ərazisinə və ona bitişik rayonlara qaytarılmasından gedir. Bu, digər məsələlərlə yanaşı, Hadrut bölgəsi, Şuşa, Martuni (Xocavənd) və Mardakert (Ağdərə) rayonlarının bir hissəsi, həmçinin Getaşen (Çaykənd), Laçın və digər rayonların ermənilərinin geri qaytarılması deməkdir.

Bunun üçün mexanizmlərdən istifadə edilməlidir və mən xarici işlər nazirinə tapşırmışam ki, onları BMT-nin Ali Komissarı ilə müzakirə etməyə başlasın”, - Paşinyan bildirib.

O bildirib ki, Bakı, Şirvan, Sumqayıt, Gəncə, Göygöl, Şəmkir, Naxçıvan və Azərbaycanın digər rayonlarının erməniləri eyni məsələ ilə bağlı hökumətə müraciət edirlər.

"Onlar şikayət edirlər ki, biz onların sülhməramlıların müşayiəti ilə öz evlərinə qayıtması məsələsini qaldırmırıq. Bəyanatın 7-ci bəndi yalnız Qarabağa və ona bitişik rayonlara aiddir, lakin bu, həmin rayonlardan olan ermənilərin təşkilatlanmasına mane olmur. Öz mülkiyyət hüquqlarını beynəlxalq instansiyalarda təqdim edirlər”, - deyə baş nazir bildirib.

Sayt qeyd edir ki, bundan əvvəl, fevralın 28-də Ararat Mirzoyan BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.

Turan İSMAYIL