"Qara dənizdə baş verən insident ABŞ-la Rusiya arasında müharibə riski yaradır" - Politoloq

 15:31 16.03.2023     275

Xəbər verildiyi kimi, martın 14-də Rusiyanın Su-27 qırıcısı Qara dəniz üzərində beynəlxalq hava məkanında Amerika kəşfiyyatçı MQ-9 Reaper pilotsuz təyyarəsini (PUA) vuraraq dənizdə batırıb. Bununla bağlı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib ki, bu kimi hadisələr ABŞ və Rusiya arasında birbaşa qarşıdurmaya səbəb ola bilər ki, bu da Vaşinqtonun istəmədiyi bir şeydir.

Doğrudan da bu hadisə ABŞ və Rusiya arasında müharibəyə səbəb ola bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa öncə qeyd etdi ki, Rusiya ilə ABŞ arasında onsuz da qarşıdurma var və bu Ukrayna üzərindən gedir.

O, hesab edir ki, Ukraynada baş verən hadisələr yalnız Ukrayna va Rusiya arasında deyil, həm də Rusiya ilə ABŞ arasındadı:

"ABŞ Ukraynanı dəstəkləyir, ona hərbi yardım edir. Hətta Ukraynanın dövlət xərclərini belə ABŞ ödəyir. Ayda nə qədər vəsait ayırır. Yəni bunlar hamısı onu göstərir ki, artıq ABŞ-la Rusiya qarşı-qarşıyadı. Amma Qara dənizdə baş verən insident birbaşa ABŞ-Rusiya arasında təhlükə, yeni müharibə riski yaradır. Düzdür, ruslar birmənalı etiraf etmirlər. Həmin cihazların vurulmasını demirlər, amma amerikanlar deyirlər ki, Rusiya təyyarələrinin hücumuna məruz qalıblar. Təbii ki, Rusiya, belə deyək də, cihaz vursaydı Amerika bir tədbir görərdi. Amma amerikanlar da deyir ki, Qara dəniz heç kimin monopoliyasında deyil, neytraladır, beynəlxalq ərazidir, bizim orda cihazımız uça bilərdi və rusların ixtiyarı yoxdur".

Bununla belə Əli Mustafanın fikrincə, hələlik bu hadisə hərbi münaqişəyə səbəb olmayacaq.

"Amma hər-halda münasibətlərin gərginləşməsinə və gələcəkdə hansısa formada birbaşa hansisa risklərin yaranmasına təsir edə bilər. Nəzərə alsaq ki, indi Rusiyanın Şimal boru xətləri dağılıb, partladılıb. Orada ruslar amerikanları ittiham edirlər, amma  etiraf etmirlər. İndi burda insan itkisi yoxdur. Yəni sadəcə olaraq Amerikaya aid olan bir hava cihazını Qara dənizə salıblar. Ruslar ittiham olunur və ruslar da onu hələlik etiraf etmir. Amma bütün hallarda, əlbəttə, Rusiya-Amerika münasibətlərini gərginləşdirən bir hadisədir. Düşünürəm ki, bu hansısa toqquşmalardan sonra isti faciəyə keçə bilər”, - deyə politoloq qeyd etdi.

Arzu İSMAYIL