“Paşinyanın “ermənilər geri qayıtsın” iddiasını irəli sürməsi gülüncdür” - Qabil Hüseynli

 16:43 17.03.2023     727

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Xarici işlər naziri Ararat Mirzoyana BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə ermənilərin Azərbaycanın işğaldan azad etdiyi Qarabağ ərazilərinə, eləcə də onlara bitişik rayonlara qaytarılması ilə bağlı danışıqlara başlamağı tapşırıb. O, hökumətin iclasında bildirib ki, Bakı, Şirvan, Sumqayıt, Gəncə, Göygöl, Şəmkir, Naxçıvan və Azərbaycanın digər rayonlarının erməniləri bu məsələ ilə bağlı hökumətə müraciət edirlər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan Azərbaycanın Qərbi Azərbaycan İcmasının müraciətindən sonra belə sərsəmləməyə başlayıb.

“Azərbaycan icması Paşinyana müraciət edərək Ermənistan ərazisindən qovulmuş bir milyondan çox Qərbi azərbaycanlının doğma yurd-yuvalarına qaytarılması haqqında fikri bildirmişdi. İndi onlar bundan istifadə edərək guya Azərbaycandan da çıxarılmış, yaxud da ki, qovulmuş ermənilər var deyə cavab olaraq Azərbaycan tərəfinin arqumentlərini gücdən salmaq üçün belə bir hiyləgər məsələyə əl atırlar. Onlar unudurlar ki, biz müəyyən səbəblər üzərində başdan-başa azərbaycanlılardan ibarət olan Qərbi Azərbaycan torpaqlarında Ermənistanın ilk dəfə dövlət yaratması, öz müqəddəratını təyin etməsi hüququna imkan yaratmışıq. Sonra onlar bu ərazilərdə olan sayları 100 minlərlə olan Qərbi Azərbaycan türklərini həmin ərazilərdən qovub çıxarmışlar. İndi onlar öz doğma yerlərinə qayıtmaq istəyirlər" -  deyən politoloq ermənilərin Azərbaycanın qeyd olunan şəhər və rayonlarına qaytarılmasının mümkün olub-olmaması barədə də danışdı:

“Azərbaycandan isə Şirvana - Şirvanda üç dörd kǝnd var idi - qaytarılsın, gəlsinlər, yaşasınlar. Biz buna etiraz etmərik. Bakıya qaytarılsın. Bakıda da müəyyən qədər erməni var idi. Söhbət heç 10 minlərlə ermənidən getmir. Amma Qərbi azərbaycanlıların davası bütün Ermənistan ərazisində yaşamış azarbaycanlıların davasıdır. Üstəlik onlar bu ərazilərdə azərbaycanlılara məxsus bütün maddi və mədəniyyət abidələrini, toponimlərin hamısını məhv ediblər. Onlar bunun geri qaytarılmasını tələb edirlər. Qərbi Azərbaycandan deportasiya edilmiş, zorla qovulmuş insanların sayı əgər yüz minlərlədirsə, milyondan artıqdırsa, Azərbaycandan öz xoşuna gedib, öz mal-mülkünü satıb getmiş ermənilərin sayı 10-15 min nəfərdir. Ona gorə də bu məsələlərdə ǝks arqument kimi “ermənilər geri qayıtsın” iddiasını irəli sürmək gülünc görünür"

Qabil Hüseynlinin fikrincə, Azərbaycan deyə bilər ki, gəlin, hər iki ölkənin ərazisindəki məskunlaşmış erməni və Azərbaycan türkünün sayı ətrafında müzakirələr aparaq:

“Onların yaşadıqları yerin ərizəsini çıxaraq. Biz bu məsələyə razıyıq. Hərənin öz doğma yurduna qayıtmasına razıyıq. Qarabağın dağlıq hissəsində ermənilər yaşayan ərazilərdə isə söhbət 60 min azərbaycanlının həmin ərazilərə qayıtmasından gedir. Biz buna da şərait yaratmalıyıq. Əgər ermənilər Qarabağ ərazisində yaşayırlarsa, azərbaycanlılar da əzəli tarixi torpaqlarına qayıtmalıdır və onlar da bununla razılaşmalıdır”.

Arzu İSMAYIL