İranda rejim dəyişikliyi artıq zərurətə çevrildi

 22:15 22.03.2023     316

İranın beynəlxalq vəziyyəti ilə daxildə baş verən çaxnaşmalar neqativ təsirini göstərməkdədir. Rejimin həyata keçirdiyi siyasətin nəticəsi olaraq İran beynəlxalq sanksiyalara məruz qalmaqla yanaşı, daxildə də parçalanmaq təhlükəsi ilə üz-üzə qalıb.

Redaktor.az xəbər verir ki, “Iran International” saytı tərəfindən açıqlanan 44 səhifəlik sənəddə yalnız xalqın deyil, hərbi elitanın da rejimə qarşı çıxdığı göstərilir. İran daxilində hərbçilərin rejimə qarşı çıxması və ordunun əsasını təşkil edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ali lider Ayətullah Əli Xamneyinin iqamətgahı da daxil olmaqla hökumət binalarını atəşə tutmağa cəhd etməsi əslində təəccüb doğurmamalıdır.

SEPAH İranın silahlı qüvvələrinin əsas funksiyasını yerinə yetirməklə yanaşı, həm də böyük iqtisadi imkanlara malik olan bir qurumdur. Bu qurumun İranın daxilində və xaricində fəaliyyət göstərən hərbiləşmiş şöbələri iri banklara, daşınmaz əmlaka, valyuta ehtiyatlarına da malikdir. Ordu ilə yanaşı İran iqtisadiyyatında da aparıcı mövqeyə malik olan SEPAH qarşısıalınmaz böyük bir qüvvədir. İranda Ali Baş Komandan Prezident deyil, Ali lider Əli Xamneyidir. SEPAH-a daxil olan qoşun növlərinin komandanları Ali lider tərəfindən təyin olunur və yalnız ona tabedir. Qoşun növlərinə rəhbərlik edən generallar SEPAH-ın hesabına böyük var-dövlət sahibinə çevriliblər və bu gün nüfuz dairələrini daha da genişləndirmək istiqamətində bir-birilərinə qarşı mübarizə aparırlar. Onların bəzilərinin ikili vətəndaşlıqları və xarici dövlətlərin banklarında külli miqdarda maliyyə aktivləri var.

Bu gün İran rejiminin apardığı siyasət qətiyyən SEPAH-ın maraqlarını əks etdirmir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, SEPAH Ali rəhbərin göstərişlərini yerinə yetirməklə xalqın gözündən düşüb. Ötən ilin sentyabrından İranda baş qaldıran və hələ də davam edən kütləvi etirazların yatırılmasında da SEPAH öz qəddarlığı ilə seçilib. Təsadüfi deyil ki, İranın Sistan-Bəlucistan, Kürdistan, Yəzd, Mərkəzi və başqa vilayətlərində etiraz edənlər SEPAH-ın şöbələrinə basqın edib zabitləri qətlə yetiriblər. Artıq SEPAH rejimin çirkli işlərini həyata keçirmək istəmir. Çünki hər zaman əlini qana batıran zabitlər olur, Əli Xamneyi isə bu qanın tökülməsinə əmr versə də özü təmiz qalır.

Digər tərəfdən SEPAH ABŞ və Avropa dövlətləri tərəfindən terrorçu təşkilat kimi tanınır və ən sərt beynəlxalq sanksiyalara məruz qalır. İnqilabdan ötən 42 il ərzində SEPAH-ın fəaliyyəti “xalq düşmənləri”ni ifşa etməkdən ibarət olub. Artıq bu qurum ölkənin daxilində baş verənləri və İranın beynəlxalq vəziyyətini nəzərə alıb hakimiyyəti tam olaraq ələ almağa çalışır və martın 17-də buna cəhd etsə də ifşa olunub. Burada bir məsələyə diqqət vermək lazımdır. SEPAH daxilində xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək qruplaşmalar yaradan generallar da var. Bunlar getdikcə İranın uçurumun astanasına yaxınlaşdığını görür və vəziyyətdən çıxış yolu axtarırlar. Görünən odur ki, bu çıxış yolunu onlar Ali liderin fiziki məhvində tapıblar. Bu hərbi qurumun daxilindəki parçalanmanı general Qasım Süleymaninin öldürülməsi də sübut edir. 2019-cu ildə Bağdadın hava limanında raket zərbəsi ilə qətlə yetirilən generalın nə vaxt Bağdada gedəcəyini raket zərbəsi endirənlər əvvəlcədən bilib. İranın siyasi dəhlizlərində bu məsələ çox müzakirə olunsa da məsələnin üstü ört-basdır edildi.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, İran rejimi artıq sonunu yaşayır. Rejimin həyata keçirdiyi daxili və xarici siyasət əhali ilə yanaşı siyasi qruplaşmalar və hərbçiləri də artıq qane etmir. Onların nəinki maraqları təmin olunmur, eyni zamanda, fəaliyyət imkanları məhdudlaşır. SEPAH-dakı bəzi qruplaşmalar Ə. Xamneyini aradan götürməklə vəziyyəti sabitləşdirməyə çalışıb, lakin bu baş tutmayıb. Yaxın gələcəkdə belə hadisənin baş verməyəcəyini demək olmaz.

SEPAH güclü iqtisadi dayaqlara və hərbi qüvvəyə malik olsa da, sanksiyalar qurumun generallarına sərbəst yaşamağa və istədikləri vaxt xaricə getmələrinə imkan vermir. Sanksiyalar eyni zamanda SEPAH-ın ölkə daxilindəki iqtisadi imkanlarını məhdudlaşdırır. Gəlir azalır, xərclər isə artır ki, bu da Yaxın Şərqin, demək olar, əksər dövlətlərində hərbiləşdirilmiş proksi dəstələrin saxlanmasına imkan vermir. Beynəlxalq aləmdə olduğu kimi, ölkə daxilində də terrorçu damğası ilə yaşamaq istəməyən SEPAH generalları ehtimal ki, bundan sonra da çevrilişə can atacaqlar.

İranda rejimin dəyişəcəyi mütləqdir. Bunun nə zaman baş verəcəyini zaman göstərəcək. Lakin İranın daxilində və xaricində cərəyan edən proseslər qətiyyətlə onu deməyə əsas verir ki, dəyişiklik artıq zərurətə çevrilib (AZERTAG).