"Azərbaycana qarşı təxribat üçbucağı yaradıblar" - Deputatdan AÇIQLAMA

 11:54 25.03.2023     699

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir.

Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda bildirilir ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.

Qeyd edək ki, ermənilər Xankəndiyə təkcə yol çəkməklə kifayətlənmir, həmçinin torpaq yolla Rusiyanın "sülhməramlı" kontingentinin müşayiəti ilə silah-sursat da daşıyırlar.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Xankəndiyə yeni yol çəkilməsi ermənilərin növbəti təxribatıdır.

Onun sözlərinə görə, ermənilər stəkanı daşıracaq sonuncu damla olacaq bir addım atmağa çalışırlar ki, yenidən Azərbaycan qətiyyətli qərarlar qəbul etsin:

"Çünki bu, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın hər şeydən öncə tələblərinin pozulmasıdır. İkincisi, neçə gündür müşahidə edirik ki, ermənilər bunu təkbaşına etmirlər. Ermənilərin bütün qanunsuz fəaliyyətləri sülhməramlıların nəzarəti altında və onların himayəsi altında həyata keçirilir. Ona görə də görünür, Azərbaycanın ətrafında olan qonşu ölkələr dırnaqarası xeyirxah münasibətlərini regionda daha da artırmağa çalışırlar. Və diqqət etsəniz, görəcəksiniz ki, Azərbaycan-İran sərhədində baş verən təxribatlarla Qarabağda baş verən təxribatlar sinxron təşkil olunmuş təxribatlardır və onlar bərabər hərəkət edirlər. Biz Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarını da daxil etsək, onların da fəaliyyətinə diqqət etsək, görəcəyik ki, burada bir üçbucaq yaratmağa çalışıblar. Azərbaycana qarşı təxribat üçbucağı - Ermənistan, İran və Rusiyanın sülhməramlı qüvvələri".

Millət vəkili onu da qeyd etdi ki, bütün bunlara baxmayaraq, bu dövlətlər məqsədlərinə nail ola bilməyəcəklər.

"Bəlkə bəzi xarici qüvvələr bu fürsətdən istifadə edib vaxt udaraq erməniləri gücləndirməyə çalışırlar ki, yenidən ciddi bir toqquşma olsun. Azərbaycan buna da yol verməyəcəkdir. Azərbaycan prezidenti sonuncu dəfə çıxışında qeyd etdi ki, Qarabağ ərazisində on mindən çox erməni hərbçisi var. Bu, kiçik bir rəqəm deyil və Azərbaycan ətrafında yaradılmağa çalışan təxribat üçbucağına diqqət çəksək, görəcəyik ki, bunun mərkəzində yenə bizim ərazimiz dayanır, Qarabağ ərazimiz dayanır. Ona görə də mən əminəm ki, Azərbaycanın ali siyasi rəhbərliyi hər şeyi diqqətlə izləyir və lazım olan anda lazımı qətiyyətli qərar qəbul edəcək. Azərbaycan israrlıdır, özünün bütün ərazisində, hər qarış ərazisində hüquqlarını bərpa edəcək", - deyə H.Babaoğlu qeyd etdi.

Həmidə İbrahimli