"Bizi müharibəyə təhrik edirlər" - Deputat: "Ərazilərimizi təmizləmək üçün bunu edəcəyik"

 14:10 27.03.2023     514

Xəbər verdiyimiz kimi, Ermənistandan Rusiya "sülhməramlı" kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşdiyi üçün ordumuz hərəkətə keçərək Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunu nəzarətə götürüb. Ordumuzun bu qanuni addımı isə sülhməramlılıqdan uzaq olan Rusiya hərbi kontingentini və Qarabağdakı separatçıları məyus edib. Bu məyusluğu onların yaydığı açıqlamalardan aydın görmək mümkündür. 

Son günlər "sülhməramlılar"ın müşayiəti ilə torpaq yollarla Ermənistandan Xankəndiyə silah-sursat, canlı qüvvə daşınması Azərbaycanda ciddi müzakirəyə səbəb olub. Hətta bu təxribatların yeni müharibəyə səbəb olacağı barədə fikirlər səsləndirilir.

Bəs, həqiqətən də yenidən müharibə ola bilərmi?

Məsələ ilə bağı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Azərbaycan müharibə tərəfdarı deyil və müharibə olmasını istəmir.

Onun sözlərinə görə, Azərbaycan sülh və danışıqlar tərəfdarıdır:

"Ancaq eyni zamanda biz bu gün ərazilərimizdə mövcud olan separatçılıqla, işğalçılıqla, terrorçuluqla da barışmırıq və barışmayacağıq da. Biz məqsədimizə çatmaq üçün ərazimizdə müvafiq anti-terror, təmizləmə əməliyyatları keçirəcəyik. Məqsədimiz nədir? Müstəqil, suveren dövlət kimi ərazimizi, terrorçulardan, separatçılardan, işğalçılardan təmizləmək! Biz bunun sülh yolu ilə, danışıqlar yolu ilə baş tutması üçün çağırışlar edirik. Həm işğalçı dövlətə, yəni Ermənistana, həm də onun himayədarlarına, havadarlarına, eyni zamanda öz öhdəsinə götürdüyü missiyasını xəyanətkarlıqla icra edən Rusiyaya, İrana, Fransa və başqalarına ki, ərazimizdən çıxsınlar, çıxmasalar, biz bunları çıxartmağın yolunu bilirik. Bizə qarşı yenidən kiminsə güc işlətmək fikri varsa, kimsə hərbi güc dili ilə bizimlə danışmaq istəyirsə, bizim həm iradəmiz, həm gücümüz, həm siyasətimiz, həm də hərbimiz yetərlidir ki, onların cavabını layiqincə, yüksək səviyyədə verək. Bunu biz hər anda sübut eliyirik, sübut eləməyə də qadirik. Bundan sonra da edəcəyik".

Millət vəkili onu da qeyd etdi ki, Ermənistanın tərəfdarları, xüsusilə cənub qonşumuz, ermənipərəst, ermənilərin dostu-qardaşı olan İran dövləti bizi təhrik edirlər ki, biz hərbi gücümüzdən istifadə edək:

"Təbii ki, ərazilərimizi təmizləmək üçün biz bunu edəcəyik. Yenə təkrar edirəm, müharibə tərəfdarı deyilik, ancaq bizi özlərinin yaramaz, işğalçılıq, düşmənçilik siyasəti ilə müharibəyə təhrik edirlər. Bu, 2020-ci ilin 27 sentyabrında da belə oldu. Ondan sonra da bir neçə dəfə də təkrarladılar cavablarını aldılar. Bu gün də həmin əməllərlə məşğul olmaqdadırlar. Elə bu yaxın günlərdə dəfələrlə saysız-hesabsız xəbərdarlıqlarımıza baxmayaraq, bunlar öz bəd əməllərindən əl çəkmirdilər. Bu, Xankəndi-Xəlfəli-Turşu istiqamətində gedən yollarda və yaxud Kosalar istiqamətində təxribatlar oldu. Azərbaycan ordusu onlara qarşı müəyyən qədər lokal hərəkətlər elədi, dayandılar. Yəni belə çıxır ki, bunlar normal dillə, sülh dili ilə heç bir şey başa düşmək istəmirlər və etmək istəmirlər. Bunlara nəyisə başa salmaq üçün dəmir yumruq təpələrinə dəyməlidir, zərbə almalıdırlar, ondan sonra başa düşməlidirlər. Müharibə çağırışına gəldikdə isə, belə bir yaxşı söz var. Uzun illərin sınaqdan çıxmış sözüdür. Deyir ki, "sülh istəyirsənsə, həmişə müharibəyə hazır olmalısan". Yəni idmanda da belə bir şey var. Ən yaxşı müdafiə hücumdur. Biz həmişə hər şeyə hazır olmalıyıq" - deyə E.Məmmədov vurğuladı.

Həmidə İbrahimli