"Putini həbs edə bilmərik"

 17:05 27.03.2023     456

Məlum olduğu kimi, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin Statutunu tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Bəs, Putin Azərbaycana gəlsə həbs oluna bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, Putin Azərbaycana gəlsə həbs edilə bilməz.

"Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ildə təsis olunub və 2002-ci ildən fəaliyyət göstərir. Əsasən təcavüzkarlıq cinayətlərinə görə mühakimə aparan məhkəmədir. Deməli, burda 123 ölkə var. Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil. Üzvü olmadığına görə də konkret olaraq Putini həbs edə bilmərik. Yaxud da Azərbaycana gəlsə ona qarşı hansısa bir tədbir görə bilmərik. Çünki o məhkəmənin qaydası belədir ki, üzv dövlətlərin təklifi olaraq üzərinə qoyulur və bu üzv dövlətlər məhkəmənin qərarını icra etsinlər. Biz o məhkəmənin üzvü olmadığımıza görə, onun qərarını icra etmək məcburiyyətimiz yoxdur. Amma eyni zamanda, təbii ki, Azərbaycan bu məhkəmənin üzvü olmasa da, özü ilə bağlı hansısa məsələləri qaldıra bilər. Qarabağda ermənilərin törətdiyi cinayətlərlə bağlı, planlarla bağlı müraciət, şikayət edə bilər və məhkəmə bu işlərə baxa bilər",- deyə Ə.Mustafa qeyd etdi.

Həmidə İbrahimli