Putin Azərbaycana gəlsə, həbs oluna bilərmi? - AÇIQLAMA

 15:14 27.03.2023     410

Xəbər verdiyimiz kimi, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. Rusiya lideri ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinir. 

Rusiya prezidentinin həbsinə dair order 123 ölkədə qüvvədədir. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı olan 123 dövlət Putin üçün verilən həbs orderini icra etməlidir.

Hətta Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Yəni Putin Ermənistana səfər edəcəyi təqdirdə həbs oluna və Haaqa tribunalına verilə bilər.

Bəs, Putin Azərbaycana gələrsə, həbs oluna bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan beynəlxalq hüquq üzrə ekspert Zaur Əliyev bildirdi ki, Putin hal-hazırda bir neçə ölkəyə getsə, həbs olunacaq. Çünki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarları onlar üçün məcburidir:

“Onlar Putini həbs edə bilərlər.Təyyarə ilə daxil olsa belə. Bir neçə Afrika ölkəsi, Avropa ölkəsi, Amerikanın bir neçə ölkəsi bura daxildir. Ermənistan da Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olduğu üçün bu addımı ata bilər. Azərbaycan isə bu siyahıya daxil deyil. Yəni Beynəlxalq Cinayət Məhkəməsinin qərarları Azərbaycan üçün keçərli deyil. Azərbaycan Roma Statutuna imza atmayıb deyə, Putini həbs edə bilməz. Amma Gürcüstanın özünə belə daxil olsa, onun həbs olunması dərhal həyata keçirilməlidir".

Ekspert təəssüflə vurğuladı ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna imza atmayıb.

"Roma Statutuna imza atmamağımız əslində bizim üçün ziyandır. Nəyə görə ziyandır? Məsələn, Azərbaycan ərazisində baş vermiş hərbi cinayətlər, yəni Xocalı və digər soyqırımlar, yaxud Qarabağ məsələsi, bz bunun üçün müraciət edə bilmirik. Çünki, Roma Statutuna imza atmamışıq. Əgər atsaydıq, 123 ölkədən biri olaraq biz də öz problemlərimiz olanda qarşı tərəfi məhkəməyə verə bilərdik. Qafqazda təkcə biz imzalamamışıq və imzalamadığımıza görə də Putin Azərbaycana gəlsə, bizdən onun həbsi tələb oluna bilməz”, - deyə Z.Əliyev bildirdi.

Arzu İSMAYIL