"Ziyalılarımız TikTok-da fəal olmalıdır" - Deputat

 17:17 27.03.2023     478

Bir müddətdir ki, TikTok sosial şəbəkə platformasında dini təbliğatlar çox geniş yayılıb. Təəssüflər olsun ki, dini sahədə də ən fəal tərəf İrandır. Və bu platforma Azərbaycan gəncinin ən çox ideoloji təbliğatına məruz qaldığı yerdir. Yüzlərlə səhifə TikTok-da dini təbliğat apararaq gəncləri öz təsir dairələrinə salırlar.

Bəs, bu təhlükənin qarşısını almaq üçün dövlət nə etməlidir? Hansı tədbirlər görülməlidir? TikTok bağlanmalıdırmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, TikTok-un bağlanması fikri ilə razı deyil.

"Bilirsiz necə, onu bağlamaqla elə bir ciddi nəyəsə nail ola bilmərik. Onlar başqa platforma tapıb təbliğat aparacaqlar. TikToku bağlasaq, yutub, instaqram, fetsbuk var. Bu, çıxış yolu deyil. Sadəcə, biz orda öz təbliğatımızı gücləndirməliyik. Yəni bizim də ayrı-ayrı qurumlar - dini qurumlar, ilahiyyatçılarımız da azərbaycançılığın, dövlətçiliyin təbliği istiqamətində orada səylərini davam etdirməlidir. Orada bizim də səhifələrimiz olmalıdır, bizim də ziyalılarımız, alimlərimiz fəal olmalıdır. Eyni zamanda orada radikal çağırışların qarşısının alınması üçün biz addımlar atmalıyıq",-deyə deputat vurğuladı.

Həmidə İbrahimli