“Hədəf burada təkcə Fazil Mustafa deyil” - Deputat

 12:09 29.03.2023     553

Xəbər verdiyimiz kimi, 28 mart 2023-cü il tarixdə Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Millət vəkili əməliyyat olunub və həyati təhlükəsi yoxdur.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, bu, artıq bir terror hadisəsi kimi qiymətləndirib və tamamilə doğrudur.

“Fazil Mustafa Azərbaycanın maraqlarını qoruyan, fəal şəkildə ictimai rəyin düzgün əsaslarda formalaşmasında iştirak edən, dini və milli təfəkkürümüzün düzgün istiqamətdə formalaşması prosesində yaxından iştirak edən bir millət vəkilimizdir. Görünür, onun bu fəaliyyəti kimlərisə narahat edib və onu bu yoldan çəkindirmək üçün bu terror aktına əl atılıb. Biz bunu şiddətlə qınayırıq və əminik ki, Fazil Qəzənfəroğlu bundan sonra da öz fəaliyyətinə milli vətənpərvərlərin cərgəsində davam edəcək. Terroru törədənlər öz məqsədlərinə nail ola bilməyəcəklər. Həm də hədəf burada təkcə Fazil Mustafa deyil, həm də hədəf Azərbaycanın ictimai maraqlarıdır, Azərbaycan cəmiyyətində kütləvi xof yaratmaqdır ki, bu da mümkün olmayacaq. Çünki 30 il ərzində Azərbaycan cəmiyyəti çox çətin imtahanlardan keçdi və sonra bütün dünyaya sübut etdi ki, onun mübarizlik əzmini, öz milli maraqlarına, öz vətəninə sahib çıxmaq əzmini heç kəs qıra bilməz. Bu terroru törədənlər məqsəqlərinə çata bilməyəcəklər", - deyə o, vurğuladı.

Fazil Mustafaya qarşı terror aktının arxasında İranın durmasının mümkünlüyünə gəlincə, deputat qeyd etdi ki, bütün versiyalar Azərbaycanın müvafiq qurumları tərəfindən nəzərdən keçirilir:

“Mümkündür, çünki bu vaxta qədər biz artıq belə bənzər bir hadisənin, yəni Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terrorun şahidi olmuşuq. Amma indiki vəziyyətdə konkret fikir səsləndirmək bir qədər çətindir. Azərbaycanın bütün güc strukturları, o cümlədən təhlükəsizlik orqanları ən qısa zamanda yəqin ki, bunu aşkar edib, bu terrorun arxasında kimin durması ilə bağlı ictimaiyyətimizə dəqiq məlumat verəcək və bunu törədənləri, onların arxasında duranları biz cəzalandıracağıq”.

Hikmət Babaoğlu deputat həmkarına qarşı terror aktının Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı günündə baş verməsinin təsadüf olub-olmaması barədə sualımızı da cavablandırdı.

"Bütün bu versiyaları nəzərdən keçirmək olar. Son dövrlərdə dövlət təhlükəsizlik orqanlarının təkcə dünənki əməliyyatı deyil, uzunmüddətli, yəni 2020-ci  ildən bəri həyata keçirdiyi ən müxtəlif  uğurlu əməliyyatları da qeyd eləmək olar. Amma yenə də deyirəm ki, bunların hər biri bir ehtimaldır. Çox keçmədən dəqiq versiyanı biz öyrənəcəyik", - deyə millət vəkili bildirdi.

Arzu İSMAYIL