"Bakı və İrəvan arasında sülh Rusiyanın vasitəçiliyi olmadan da mümkündür" - Politoloq

 14:48 31.03.2023     714

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 30-da keçirdiyi həftəlik brifinqdə bildirib ki, Bakı ilə İrəvan arasında yalnız Rusiyanın vasitəçiliyi ilə sülh yarana bilər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadənin fikrincə, bu məsələ Ermənistan və Azərbaycanın öz işidir:

“Vasitəçiliklə və ya vasitəçiliksiz necə istəyərlər, o cür də danışarlar. İkisidə BMT üzvü olan müstəqil dövlətdir. Balaca uşaq deyillər ki, əllərindən tutub bağçaya aparsınlar. İstəsələr özləri danışarlar. Məlum məsələdir ki, üçtərəfli danışıqda üçüncü tərəfin də maraqları nəzərə alınır. Nə Azərbaycana, nə Ermənistana üçüncü dövlətin maraqlarını nəzərə almaq xeyir deyil. Ağılları çatsa, ikilikdə oturub məsələlərini həll edərlər. Nə Amerika, nə Fransa, nə İran, nə Türkiyə, nə Rusiya bizə lazım deyil. Bizə yanlız Ermənistanla Azərbaycan arasında olan mübahisəli məsələlərin hər iki tərəfin mənafeyinə uyğun şəkildə əksini tapması lazımdır”.

Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh Rusiyanın vasitəçiliyi olmadan da mümkündür.

“Amma bu yalnız o halda baş verə bilər ki, Azərbaycan və Ermənistan, hər ikisi öz mənafelərini təsdiqləyib heç kəsə fikir vermədən öz aralarında, ikilikdə ortaq məxrəcə gəlsinlər. Bu halda Rusiya heç nə edə bilməz. Çünki necə ki, Rusiya bölgədə Ermənistanı Azərbaycanın əli ilə vururdu, Azərbaycanı Ermənistanın əli ilə vururdu və bu iki ölkənin də mənafeyinin ziddinə idi, əgər biz anlaşsaq ki, bizim mənafeyimiz ikitərəfli qarşılıqlı razılaşmadadı, onda biz Rusiyaya fikir vermədən öz aramızda mübahisəli məsələləri həll edə bilərik”, - deyə Z.Əlizadə fikrini tamamladı.

Arzu İSMAYIL